Müsavat Qarabağda əhalinin məskunlaşdırılması ilə bağlı tələb və təkliflərini açıqladı

İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı


Müsavat Partiyasının tələb və təklifləri

 

Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə erməni- rus hərbi birləşmələri tərəfindən işğal edilən yaşayış məntəqələri dağıdılmış, meşələr qırılmış, təsərrüfatlar yararsız hala salınmışdır.

Ərazilərimiz 44 günlük müharibə zamanı Şanlı Ordumuzun şücaəti nəticəsində azad edildikdən sonra o ərazilərin əsl sahiblərinin ata-baba yurdlarına ən qısa müddətə geri dönməsinin təşkil edilməsi dövlətin qarşısında duran ən önəmli vəzifələrdən biridir.

Bu proses yerli əhalinin istək və arzuları nəzərə alınmaqla, müvafiq infrastrukturun yaradılması, vətəndaşların təhlükəsizliyinin tam təmin edilməsi şərti ilə, sürətlə həyata keçirilməlidir.

Təəssüflə qeyd edirik ki, hakimiyyətin bu məsələyə məsuliyyətlə yanaşmaması ciddi narahatlıq doğurur.

Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərimizin bərpa edilib yenidən məskunlaşdırılması üçün ləngimədən aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.

 

1. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinin təcili olaraq başa çatdırılması;

2. İşğaldan azad edilmiş ərazilərdə yol, işıq, su, qaz və digər kommunikasiyaların qurulması işinin sürətləndirilməsi;

3. Dövlət Statistika Komitəsinin(DSK) və yerli İçra hakimiyyəti strukturlarının siyahıları əsasında işğal olunan ərazilərdə yaşamış əhaliyə məxsus olmuş həyətyanı torpaq sahələri, oradakı daşınmaz əmlakın və diğər mülkiyyətin, həmçinin ərazilər üzrə dövlət tikililərinin siyahısı, o zaman mövcud olmuş kolxoz və sovxozların, örüşlərin, yaylaqların, meşələrin, su hövzələrinin və.s barədə məlumatların dəqiqləşdirilməsi işinin başa çatdırılması;

4. DSK və ərazi İcra Nümayəndəliklərinin siyahıları əsasında hazırkı dövrdə əhalinin sayı, eləcə də onların törəmələrinin sayı barədə məlumatların dəqiqləşdirilməsi;

5. Bu siyahılar əsasında torpaqların sahiblərinə qaytarılması. Daşınmaz əmlakın bərpa edilməsi və ya onun dəyərinin ödənilməsi;

6. Dövlət torpaq fondundan yerli əhalinin törəmələrinə həyətyanı torpaq
sahəsinin ayrılması. Daşınmaz əmlakın tikilməsi üçün dövlət yardımının təmin edilməsi;

7. Struktur vahidlərində qalan torpaq
sahələrindən, mövcud qanunvericiliyə uyğun olaraq dövlət və ya bələdiyyə ehtiyat fondları ayrılıqdan sonra, qalan sahələrin əhalinin sayına bölünməklə hər nəfərə düşən pay torpağının müəyyənləşdirilib, Azərbaycanın digər ərazilərində həyata keçirilən torpaq islahatı prinsipləri əsasında əhaliyə verilməsi;

8. Kəndlərin birləşdirilməsində yerli əhalinin rəyi, sakinlərin təhsil, səhiyyə, sosial və təhlükəsizlik təminatının nəzərə alınması;

9. Sərhəd bölgələrindəki yaşayış məntəqələrinin qurulmasının strateji əhəmiyyəti nəzərə alınmalı, yerli əhalinin təhlükəsizliyi ilə yanaşı ölkənin təhlükəsizlliyi nəzərə alınmalıdır.

10. Ərazilərin bərpası və məskunlaşması doğma torpağından uzun müddət kənarda yaşamaq məcburiyyətində qalmış yerli əhalinin rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilməlidir.

11. İşğaldan azad olunan torpaqlarda abadlıq və quruculuq işlərinin görülməsi üçün elan olunmalı olan tenderlərin şəffaflığının təmin edilməsi;

12. Quruculuq işlərinin bütün mərhələlərində bu ərazilərin əzəli sakinlərinə üstünlük verilməsi;

13. Müsavat Partiyası hakimiyyətdən, azad olunmuş torpaqlarda ötən il və bu il əkilmiş torpaqların ümumi sahəsi, məhsulun miqdarı, məhsulun maya dəyəri, əldə olunan gəlirlərin miqdarı, əkin- biçin işləri ilə məşğul olan firmaların adlarının və sahiblərinin kimliyi barədə məlumatların dərc edilməsini, eləcə də əldə olunan gəlirlərdən bu torpaqların əsl sahiblərinə də pay verilməsini tələb edir.

 

*Müsavat Partiyası Məclisinin 16 iyul tarixli sessiyasında irəli sürülən əlavə və dəyişiklər daxil edilməklə qəbul olunub.