Müsavat Əziz Məmiyevin azadlığa buraxılmasını tələb edir – Bəyanat

Müsavat Partiyası Əziz Məmiyevin həbs edilməsi ilə bağlı  bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən təqdim edilən sənəddə deyilir:

 

Müsavat Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Əziz Məmiyev Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması nəticəsində vətəndaşlarımızın üzləşdiyi çətinliklərə etiraz olaraq keçirilən dinc aksiyada həbs edilib.

Şahidlərin dediklərindən və yayılan foto-video materiallardan da görünür ki, Əziz Məmiyev hər hansı hüquq pozuntusuna yol verməyib. Aksiyanın təyin olunduğu yerə gələrkən bir-necə polis tərəfindən kobudluqla saxlanılıb.

Verilən məlumatlara görə Əziz Məmiyev polis bölməsinə aparılarkən və sonra fiziki təsirə məruz qalıb, ona işgəncə verilib.

Aksiyada heç kəsin saxlanılmadığı barədə rəsmi məlumat verilsə də, gizli məhkəmə təyin edilərək Əziz Məmiyev barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Müsavat Partiyası ölkədə sərbəst toplaşma azadlığının təmin edilməsini,  Əziz Məmiyevə qarşı artıq uzun müddətdir ki, davam edən təqib və təhdid kampaniyasına son qoyulmasını, bu hərəkətlərə yol verənlərin cəzalandırılmasını, Əziz Məmiyevin dərhal azadlığa buraxılmasını tələb edir.

 

Basta