Əziz Məmiyev məhkəmədə aldığı xəsarətləri göstərdi
İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının üzvü Əziz Məmiyevin həbsinin qanunsuz olması ilə bağlı vəkil Osman Kazımovun verdiyi şikayətə baxıb. Məhkəmədə iştirak etmək istəyən müsavatçılar zala buraxılmayıb. Vəkilin sözlərinə görə, Əziz Məmiyev tutularkən döyüldüyünü bildirib və aldığı xəsarətləri göstərib.
Məhkəmə şikayəti təmin etməyib və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Osman Kazımov həbsin qanunsuz olduğunu və Avropa Məhkəməsinə çikayət edəcəyini bildirib.
Bir qrup fəal iyulun 20-si paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında razılaşdırılmayan piket keçirməyə cəhd göstərib. Polis quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya toplaşanları dağıdıb, tutulan Əziz Məmiyevə həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Müdafiəçiləri ittihamı rədd edir. Vəkil Osman Kazımovun Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi şikayətdə müsavatçıya bəraət verilməsi və onun azadlığa buraxılması istənmişdi.
Əziz Məmiyev Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanır.
Müsavat Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidov da inzibati həbsdədir. İyulun 26-da saxlanan müsavatçıya həmin gün Səbail Rayon Məhkəməsi polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka cəza kəsib. Əlikram Xurşidov 20 iyul aksiyasında tutulmuş, ancaq sərbəst buraxılmışdı.