İlham Əliyev: “Mən Minsk Qrupunu dəvət etməmişəm”
“Paşinyan bu alçaltmaya layiqdir, o, iyul ayında bizə qarşı hücuma təhrik etdi, lakin o zaman biz cavab vermədik, sentyabrda isə elə cavab verdik ki, erməni ordusunu darmadağın etdik”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev şənbə günü ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edərkən bildirib.
“Mən sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm ki, mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər”, – İ.Əliyev deyib.
Hazırda Rusiya sülhməramlıları oradadırlar, vəziyyət müəyyən dərəcədə sabitdir. Lakin dünən ermənilər terror aktı törədiblər və hansısa “özünümüdafiə ordusu”nun qalıqları orada fəaliyyət göstərir.
“Onlar bilməlidirlər ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Heç kimin buna şübhəsi olmasın”, -İ.Əliyev hədələyib.
Sülhməramlıların roluna toxunan dövlət başçısı qeyd edib ki, konkret olaraq sülhməramlı qüvvələrin tərkibi heç vaxt müzakirə olunmayıb. Bu gün bu missiyanı Rusiya qüvvələri yerinə yetirirlər və bu, həm Azərbaycanın, həm də Ermənistanın qəbul etdiyi reallıqdır.
Bundan əlavə, 10 noyabr üçtərəfli sazişə əsasən Ağdamda yerləşəcək Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılır. “Bu, regional və Rusiya-Türkiyə əməkdaşlığının çox yaxşı nümunəsidir və bu da reallıqdır”, – İ.Əliyev vurğulayıb.
10 il öncə Minsk Qrupu ölkələrinin prezidentləri nizamlanma və status-kvonun dəyişdirilməsinin vacibliyi barədə bəyanat vermişdilər, lakin reallıqda elə etdilər ki, heç nə dəyişməsin.
“Lakin biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik. Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk Qrupu yox! Biz və prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı”, – İ.Əliyev vurğulayıb.
Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”, – İ.Əliyev deyib.
Qarabağ münaqişəsinin həlli ilə regionda vəziyyət tamamilə dəyişdi. “Biz 30 ilə yaxın davam edən münaqişəni həll etdik, buna güc yolu və siyasi vasitələrlə nail olduq. Mən prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Çox təəssüf ki, Minsk Qrupu bu 28 il ərzində bundan ötrü heç bir iş görmədi, baxmayaraq ki, bunun üçün mandatı vardı. Bu da reallıqdır”,- İ.Əliyev əlavə edib.
Turan