Blinken: ABŞ Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsində “suları bulandıra biləcəyindən” narahatdır

Reuters xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münaqişədə suları bulandırmağa cəhd edə biləcəyindən narahat olduğunu bildirib.

“Biz narahatıq ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün hansısa şəkildə yanğına yağ tökməyə çalışacaq”, – Blinken deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ermənistanla Azərbaycan arasında döyüşlərə son qoymaq üçün təsir göstərməsini müsbət addım hesab edəcək.

“Biz yenə də heç kimin maraqlarına uyğun olmayan hərbi əməliyyatların başladığını görürük. Bu, Azərbaycan xalqının maraqlarına uyğun deyil, bu, Ermənistan xalqının maraqlarına uyğun deyil. Bu, əlbəttə ki, bütün regionun maraqlarına uyğun deyil”, – Blinken vurğulayıb. O qeyd edib ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb və onları “istənilən münaqişədən uzaqlaşmaq və ölkələr arasında uzunmüddətli sülhün bərqərar olunması üzrə danışıqlara qayıtmaq üçün mümkün olan hər şeyi etməyə” çağırıb.

“Xüsusi elçimiz hazırda regiondadır. O, hər iki dövlətlə işləyir. Gələcəkdə də onunla sıx əlaqə saxlayacağam. Ümid edirəm ki, bu vəziyyətdə biz münaqişədən uzaqlaşaraq danışıqlar masasına və sülhün bərqərar edilməsi cəhdlərinə qayıda biləcəyik”, – Blinken əlavə edib.

Bundan əvvəl ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Filip Rikerin Bakıya gəldiyi bildirilirdi.

Basta