“Qurban Qurbanovun nə qədər əziyyət çəkdiyini görürük” – Emrah Çelikel
“Qarabağ”ın idman direktoru Emrah Çelikel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
– Çox gözəl oyun oldu. “Qarabağ” möhtəşəm idi. Bu böyük azarkeş təzyiqinə baxmayaraq, çox gözəl nəticə ilə qayıdırıq.
– Böyükhesablı qələbəni gözləyirdiniz?
– Açığı, qələbəni gözləyirdim. Buna hamımız inanırdıq. Ancaq belə böyük hesabla olacağını təxmin etmirdim.
– “Nant” üzərində qazanılan 3:0 hesablı qələbə, ardınca “Olimpiakos”a eyni hesabla qalib gəlmək. Bunu nəyə bağlayırsınız?
– Bu, bizim üçün böyük məsuliyyətdir. Bunun davamlı olması lazımdır. Qrupdan çıxmalıyıq, sevinməliyik. Çünki “Qarabağ” bunu haqq edir, Azərbaycan bunu haqq edir. Futbolçuların əməyi, əziyyəti yerdə qalmamalıdır.
Onlar da bunun üçün işləməlidir. Bu tendensiya inamın nəticəsidir. Həmişə deyirəm ki, “Qarabağ”ın ən böyük silahı inam və birliyin olmasıdır. Bu, olduğu müddətdə də davam edəcək.
– İnam “Qarabağ”ı bu mövsüm hara qədər aparacaq?
– Nə qədər inam var, o qədər davam edəcəyik.
– Vaxtı ilə Dino Ndolovunu Çin Superliqası klubuna, İbrahima Vadjini “Sent-Etyen”ə satdınız. Nə vaxtsa Qurban Qurbanova Avropanın samballı klubundan təklif gələrsə, ona reaksiyanız necə olar?
– Ona hamımızın reaksiyası Qurban Qurbanovla eyni olar. Biz onun həmişə ən düzgün qərar verməsinə öyrəşmişik. Qərarı nə olursa-olsun, hər kəs onu dəstəkləyəcək.
– “Qarabağ”ı Qurban Qurbanovsuz təsəvvür etmək olmur. “Qarabağ” deyəndə, Qurban Qurbanov canlanır insanın gözündə, Qurban Qurbanov deyəndə, “Qarabağ”…
– Razıyam. Bizim üçün sevindirici haldır. Biz Qurban Qurbanovun nə qədər əziyyət çəkdiyini görürük. O, ən yaxşı yerdə olmağı haqq edir. Amma bu gün ən yaxşı yer “Qarabağ”dır. Ona görə də Qurban Qurbanovun bizimlə olmasına çox şadıq, sevincliyik.