Krım körpüsündə partladılan yük maşını azərbaycanlıya məxsus olub?
Krım körpüsündəki partıadılan yük maşını Samir Yusubov adlı Rusiya vətəndaşına məxsus olub.
Bu haqda “Meduza” saytı hadisəni araşdıran Rusiya İstintaq Komitəsinə istinadən yazıb. Bildirilir ki, həmin fura Samir artıq dindirilib, o təsdiq edib ki, maşın onun adınadır. Lakin furanı Mahir Yusubov adlı qohumu işlədirmiş. Samir və Mahir adları, onların azərbaycanlı olduqlarını göstərir.
Maraqlıdır ki, partlayışdan bir neçə dəqiqə əvvəl həmin fura keçid məntəqəsində yoxlanılıb, lakin nəzarətçi partlayıcı maddəni görməyib. Rusiya mətbuatı yazır ki, adətən keçid məntəqələrində rüşvət verərək bu yoxlamaların formal xarakter daşımasını təmi etmək mümkündür (rüşvətxorluq bəzən, ona şərait yaradan rejimin ziyanına da işləyir). Hərgah, yoxlama zamanı sürücünün sakit davranışı və partlayış nəticəsində onun özünün də ölməsi, onun planlaşdırılan partlayışdan xəbəri olmadığını göstərir.
Maraqlı versiyalardan biri də, furanın açıq sifariş əsasında kübrə – selitra daşıması, ona görə də yoxlamadan problemsiz keçməsi ehtimalıdır. Bu halda partlayışın baş verməsi üçün bir qığılcım yetərlidir. Bu qığılcımın maşın körpüdə olarkən və məhz yanacaq çənlərinin yanından keçərkən baş verməsi isə diversiyanın yüksək peşəkarlıq və zərgər dəqiqliyi ilə həyata keçirildiyini göstərir.
Bəs bu diversiyanı kim törədib? Bir çoxları partlayışın arxasında Ukraynanın dayandığına inanır. Hərgah, o da nəzərdən qaçırılmamalıdır ki, həmin fura Rusiyada yüklənilib. Doğrudanmı Ukrayna xüsusi xidmət orqanları bu qədər güclüdür ki, onlar Rusiyanın özündə bu diversiyanı hazırlayıb? Ola bilər. Amma bir ehtimal da odur ki, bu partlayışı elə Rusiyanın özündə Putinin devrilməsini istəyən qüvvələr təşkil edib. Hər iki halda bu, Kremlin acınacaqlı durumda olduğunu göstərir.
Mustafa Hacıbəyli
Basta