Bakıda ‘azadlıq’, ‘istefa’ şüarları səslənir

Azadlıq.org: Saat 16:10 radələrindən sonra da bir neçə qrup Bakıda yürüş etməyə cəhdlər edib. Onlar qol-qola tutaraq “Ailə hakimiyyətinə son”, “Siyası məhbuslara azadlıq” və başqa şüarlar səsləndiriblər.

Həmin zaman da 10-dan çox fəal saxlanıb. Saxlananlardan bəzisi də siyasi mənsubiyyətinin olmadığını söyləyib.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Saat 16 radələrində fəallar bir neçə qrup şəkilində “istefa”, “azadlıq” şüarı səsləndirərək Bakıda yürüş etmək istəyiblər. Amma onlar saxlanaraq müxtəlif polis avtomobillərinə mindiriliblər.

“Bu cür ölkədə yaşaya bilmirik. Aclıqdır, işsizlikdir”, – saxlananlardan biri də vurğulayıb.

Etiraz edənlərin bəziləri  İlham Əliyevi kəskin tənqid ediblər.

+++

Şəhərin mərkəzi ərazilərində ayrı-ayrı fəalların “Azadlıq”, “İstefa” şüarları səsləndirməsi halları davam edir. Müsavat Partiyası və AXCP-dən yeni-yeni saxlananlar var. Onlardan hansısa biri jurnalistlərə hakimiyyət əleyhinə açıqlama verən və ya şüar səsləndirən kimi dərhal saxlanır.

Saxlananlardan bəziləri polisin fiziki zorakılıqları ilə üzləşdiklərini qeyd ediblər.

Bu gün, oktyabrın 24-ü saat 15:30-dan etibarən polis Bakının mərkəzi ərazilərində bir çox şəxsləri saxlayıb. Həmin ərazilərdə gediş-gəlişi nəzarətə götürən, bəzi yolları bağlayan polis əməkdaşlarından bunun səbəbini öyrənmək mümkün olmayıb. Amma şahidlər bunu AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə planlaşdırdığı aksiya ilə izah ediliblər.

Saxlananlar həm AXCP, həm ADR fəalları, həm də Milli Şuranın Koordinasiya Mərkəzində təmsil edilən şəxslər olub.

Saxlananlardan bəzisi “Azadlıq”, “İstefa” və başqa şüarlar da səsləndiriblər.

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadəni bu gün, oktyabrın 24-də yaşadığı evdən polis əməkdaşlarının apardığı deyilir.

Partiyadan bildirilib ki, oktyabrın 24-də saat 07:30 radələrində onun evinə gələn polis əməkdaşları Ə.Ağamalızadəyə və ailə üzvlərinə heç bir səbəb göstərmədən onu zorla evindən çıxararaq, polis maşınına mindirərək naməlum istiqamətə aparıblar: “Hazırda onun harada saxlanıldığı və durumu haqqında hər hansı məlumat yoxdur”.

ADR-dən hesab edirlər ki, Ə.Ağamalızadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) planlaşdırdığı etiraz aksiyası ilə bağlı saxlanılıb. O, müxalifətin etiraz aksiyalarında, bir qayda olaraq, fəal şəkildə iştirak edir.

Deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) , hələlik, münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə keçirmək istədiyi aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilmişdi.

DİN-dən isə bildirilib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınacaq və təşkilatçılar məsuliyyət daşıyacaqlar.

Turan