Futbol aləmi İran millisini qorusun – “Bloomberg”

İranın milli futbol komandasının gələcək taleyi sarıdan narahatlıqlar davam edir. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyinin yaydığı “Futbol aləmi İran millisini müdafiə etməlidir” başlıqlı məqalədə xatırladılır ki, sentyabrın 13-də İranda hicab qaydalarını pozma ittihamı ilə tutulmuş, üç gün sonra xəstəxanada dünyasını dəyişmiş Məhsa Əmininin ölümü ilə əlaqədar aksiyaların keçirildiyi bir dövrdə, noyabrın 20-də Qətərdə 22-ci dünya futbol çempionatı start götürüb və çempionata İran millisi də qatılıb.

“Bloomberg” yazır ki, iranlı etirazçılar çempionat ərəfəsində milli komandaya mənfi münasibət bəsləyiblər: “Etirazçılar İran millisinə xalqın yox, rejimin təmsilçisi kimi baxıblar. Başqa idmançıların özlərini riskə atıb aksiyaçılarla həmrəylik nümayiş etdirdiyi halda futbol yığması üzvlərinin dünya çempionatına yollanmazdan qabaq ölkə prezidenti İbrahim Rəisi ilə görüşüb fotoşəkil çəkdirməsi rejim əleyhdarlarının komandaya mənfi münasibətini bir az da gücləndirmişdi”.

Ancaq məqalədə vurğulanır ki, noyabrın 21-i Qətərdə İngiltərə yığması ilə qarşılaşarkən iranlı futbolçuların dövlət himnini oxumaması və komandanın kapitanı Ehsan Hacsafinin oyundan sonrakı açıqlaması vəziyyəti dəyişib.

Media quruluşları, sosial şəbəkə istifadəçiləri iranlı futbolçuların İngiltərə yığması ilə qarşılaşmada dövlət himninin musiqisini səssizcə dinləməsini Tehran rejiminə etiraz, aksiyalara dəstək kimi yozub.

Oyundan sonrakı açıqlamasında Ehsan Hacsafi aksiyalarda öldürülən həmvətənlərinin ailələrinə başsağlığı verərək deyib: “Etiraf etməliyik ki, bizim ölkəmizdə vəziyyət qaydasında deyil, vətəndaşlarımız bədbəxtdir. Bəli, indi biz burada çempionatdayıq, amma bu o demək deyil ki, biz həmvətənlərimizin səsi olmamalıyıq və onlara hörmətlə yanaşmamalıyıq”.

Tehran rejiminin bütün bunlara görə tək Ehsan Hacsafidən yox, komandanın qalan üzvlərindən də qisas almağa çalışacağını yazan “Bloomberg” agentliyi etirazları dəstəkləyən neçə-neçə tanınmış şəxsin, o cümlədən bir sıra idmançıların artıq İranda həbsə atıldığını unutmamağa çağırır.

Məqalədə vurğulanır ki, İran millisini bu aqibətdən qurtarmaq üçün dünyanın futbol ictimaiyyəti məsələni diqqət mərkəzində saxlamalıdır.

22-ci dünya futbol çempionatının B qrupunda yer almış və noyabrın 29-u mərhələnin son turunda ABŞ yığmasına uduzaraq (0:1) çempionatdan ələnmiş İran komandası artıq vətənə dönüb.

“Bloomberg” yazır: “Qorxulusu odur ki, indən belə futbol aləmi İran millisini yaddan çıxarsın. Ona görə də FİFA Tehranın futbolçularla necə davranacağını diqqətlə izləməlidir. Ehsan Hacsafinin təbirincə, iranlılar çempionatda iştirak etməyə bilərlər, amma bu o demək deyil ki, FİFA onların səsi olmamalıdır.

FİFA Tehran rejiminə xəbərdarlıq etməlidir ki, futbolçularla pis davranılsa, ən sərt tədbirlərə əl ata, o cümlədən İranın beynəlxalq yarışlarda iştirakına yasaq qoya bilər. İran isə elə bir ölkədir ki, burada tək əhali yox, rəsmilər də qızğın futbol azarkeşidir.

Eyni zamanda FİFA iranlı futbolçuları qorumaq üçün dünya çempionatına ev sahibliyi edən, Tehranla münasibətləri yaxşı olan Qətəri diplomatik resurslardan yararlanmağa çağırmalıdır.

Geniş mənada isə bütün dünyanın futbol ictimaiyyəti bu məsələdə rol almalıdır. Bir sözlə, futbol aləmi sinəsini irəli verib İran millisini kinli rejimin qisasından qorumalıdır”.

Novator.az