Hesablama Palatası DSMF barədə Baş Prokurorluğa müraciət edib
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF-də) audit yoxlaması aparıb. Fondun gəlir və xərc göstəricilərinin hesabatlarda necə əks olunması, eləcə də hüquqi aktlara uyğunluq dərəcəsi araşdırılıb. Yoxlama bir çox çatışmazlığı üzə çıxarıb.
Açıqlamada bildirilir ki, DSMF-nin ötənilki gəlir və xərclərinin toplam məbləği hesabatlarda düzgün göstərilib, ancaq ayrı-ayrı istiqamətlər üzrə uyğunsuzluqlar aşkar olunub. Fondun icra edilmiş gəlir və xərclərinə dair bilgilərin tutuşdurulması ilə bağlı hüquqi aktlarda əksini tapan tələblər tam təmin olunmadığından başqa daxilolma məbləği hesabatlarda 8.7 faiz çox göstərilib. DSMF və İşsizlikdən Sığorta Fondu üzrə belə daxilolma məbləğinin düzgün uçota alınmaması aidiyyəti qurumların elektron informasiya bazalarını tam uyğunlaşdırmamasından və vahid biçimin hazırlanma prosesinin yekunlaşdırılmamasından qaynaqlanır. Beləcə, vergi orqanlarının məlumatları ilə müqayisədə fərqli məbləğ formalaşıb.
Gəlir və xərclər də büdcə prosesini tənzimləyən aktlarla müəyyənləşdirilən qaydada və vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra edilməyib. Proqnozlaşdırma işində tələb olunan bir çox bilgi də məzmun baxımından təkmil hazırlanmayıb. Özəlliklə xərclənmiş vəsaitlərə dair hesabatlılığın müəyyənləşdirilməməsi həm gəlir və xərclərin icra səviyyəsinə təsir göstərib, həm də ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə imkan verməyib.
Eyniləşdirmədə yaranan problemlər
DSMF-də üzə çıxarılan pozuntular yetərincə böyük məbləğlərdə ifadəsini tapıb. Məsələn, audit nəticəsində 2006-2016-cı illər ərzində toplam 1 milyard 394 milyon manatın sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyənləşdirilib. Ötən il həmin məbləğ bir neçə dəfə azalsa da, ilin sonuna sığortalayanlar 275 milyon manat sığorta haqqını sığortaolunanlar üzrə bölüşdürməyib. Buna Fondun proqram təminatı da səbəb olub, çünki bilgilərin proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib. Bəzi hallarda isə həmin iş gecikmələrlə aparılıb. Nəticədə Fond ötən il boyunca 41 milyon manat məbləğində sığorta haqqını sığortaolunanların fərdi şəxsi hesablarına köçürə bilməyib. Hesabatların yarımçıq verilməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib. Bu da sığorta olayının baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəlik sərhədlərinin bilinib-bilinməməsi və həmin öhdəliklərin yerinə yetirilməsi ilə bağlı risklər doğurub.
Eyni zamanda iki yerli orqandan pensiya alanlar var
Hesablama Palatasının auditində üzə çıxıb ki, ölkədə 26 nəfərə eyni zamanda iki fərqli yerli orqan əmək pensiyası ödəyir. Üstəlik, altı pensiyaçıya da vəfatından sonrakı dövrdə vəsait xərclənib. O da aydın olub ki, 2013-cü il aprelin 20-dək təyin olunmuş pensiyalar verilərkən sənədlərdə 51 şəxsin doğum tarixi dəyişdirilib. Belə düzəlişlər hesabına yaş həddi qanunun tələbinə uyğunlaşdırılıb və həmin vətəndaşlara pensiya ödənilib. Hesablama Palatasının Baş Prokurorluğa müraciəti də məhz bu pozuntu ilə bağlıdır. Palatanın açıqlamasında vurğulanır ki, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon və şəhər üzrə 51 nəfərə 884 min manat ödənilib. Ölkənin digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibi əlamətlərinin olma ehtimalını diqqətə alan Palata audit nəticəsində üzə çıxan uyğun materialların Baş Prokurorluğa göndərilməsini qərara alıb.
Hesabat açıqlamayan fond
Hesablama Palatasının DSMF ilə bağlı rəyində fondun hesabatlılığı da tənqid edilib. Palatanın fikrincə, publik hüquqi şəxs qismində fəaliyyət göstərən Fond toplanıb-birləşdirilən maliyyə hesabatlarının tərtibi prosesini yekunlaşdırmayıb. Hesabatın vaxtında yekunlaşdırılmaması Fondun maliyyə durumunun müəyyənləşdirilməsinə imkan verməyib. Əsas vəsaitlərin uçotu düzgün aparılmayıb, əvəzsiz verilərkən də hüquqi aktların tələbələrinə uyğun gerçəkləşdirilməyib. Beləcə, aktivlərin hesabatlılığında uyğunsuzluqlar doğub. Palata bu çatışmazlıqlar ucbatından təsdiqlənmiş xərc istiqamətləri üzrə, eləcə də Fond aparatının saxlanma xərclərinə və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyətinə rəy verə bilməyib. Açıqlamada qeyd edilir ki, pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə toplam 36 min 700 manatın bərpası təmin edilib.
AzadlıqRadiosu