Xameneinin etirazlara səbəb olan karikaturalarını iranlılar çəkibmiş

Fransanın qalmaqallı satirik jurnalı olan “Charlie Hebdo” üz qabığında İranla bağlı karikatura yerləşdirib. Xüsusilə də İranın ali rəhbəri Əli Xameneinin karikaturaları jurnalın səhifələrini bəzəyib.

Həftəlik jurnalın İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc etməsi İranla Fransa arasında diplomatik qalmaqala səbəb olub.

Bununla əlaqədar olaraq İran Xarici İşlər Nazirliyi (XİN) Fransa səfirini çağırıb, ona etirazını bildirib və nota təqdim edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian isə bildirib ki, Fransanın bu addımı cavabsız qalmayacaq:

“Fransa nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc etməklə təhqiredici və nalayiq hərəkəti qəti cavabsız keçməyəcək. Biz Fransa hökumətinin öz hüdudlarından kənara çıxmasına icazə verməyəcəyik. Şübhəsiz ki, onlar yanlış yolu seçiblər”.

Fransa isə İranın məsələyə münasibətini pisləyərək, Tehranın söz azadlığına qarşı çıxdığını bildirib.

 

Modern.az xəbər verir ki, həftəlik jurnal ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatına dəstək məqsədilə belə addım atdığını bəyan edib. Belə ki, dekabr ayında İrandakı hadisələrlə bağlı karikatura müsabiqəsi elan olunub. Müsabiqəyə dünyanın bir çox ölkələrindən iştirakçılar tərəfindən 300 karikatura göndərilib. Bununla da İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edilib.

Karikaturalarda müəlliflər dini özbaşınalıq qarşısında azadlığa bağlılığı nümayiş etdiriblər. Eyni zamanda ali liderin din adı altında ölkəni məhv etdiyini, İranın gələcəyinin olmadığını bildiriblər.

Maraqlı məqamlardan biri isə karikatura müəlliflərinin çoxunun iranlı olmasıdır. İranda və xaricdə yaşayan iranlılar adları gizli saxlanılmadan yarışmaya qoşulublar. Jurnalın son səhifəsində qeyd olunub ki, bütün iştirakçılar cəhənnəmə yer qazanıblar.

Qeyd edək ki, “Charlie Hebdo” Fransada qalmaqallı media orqanı kimi tanınır. 2015-ci ilin yanvarında jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi İslam dünyasının etirazına səbəb olmuşdu. Həmin ilin yanvarın 7-də qisas almaq məqsədilə silahlı şəxslər redaksiyaya hücum edərək 12 nəfəri öldürmüşdülər.

 

Modern.az