Arif Hacılı: “Avropa İttifaqı Rusiyadakı səhvini Azərbaycanda təkrar etməməlidir”
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.
Görüşdən dərhal sonra açıqlama verən avropalı rəsmi bildirib ki, müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artması, ictimai fəallar və siyasi partiya nümayəndələri arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, enerji resurslarına ehtiyacının artdığı bir ərəfədə, Avropa İttifaqı Azərbaycanda insan haqlarının mövcud vəziyyətini “gözardı etməməlidir”.
Hüquq müdafiəçisi Anar Məmmədli BBC-yə bildirib ki, enerji təhlükəsizliyi ilə yanaşı Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti də Avropa İttifaqı üçün prioritet olmalıdır.
“Biz çox istərdik ki, Avropa İttifaqı Azərbaycanda insan hüquq və azadlıqlarının, qanunun aliliyinin qorunması və bununla bağlı institusional islahatların həyata keçirilməsində yardımçı olsun. Lakin təəssüf ki, enerji məsələləri bu mövzuları nisbətən arxa plana çəkir. Xüsusilə də Ukrayna müharibəsindən sonra bu tendensiyanı daha çox müşahidə etməkdəyik”, – o bildirib.
Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın güclənməsi əslində ölkədə insan haqlarının inkişafına da müsbət təsir göstərməlidir.
Bunu isə BBC-yə açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. ,
Onun fikrincə, əgər demokratiya və insan haqları Avropa ölkələrinin siyasətində prioritet kimi göstərilirsə, bu, Avropa İttifaqının Azərbaycanda demokratiya və insan haqları məsələsinə diqqətin artırılması ilə müşayiət olunmalıdır.
“Bu yaxınlarda Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən beynəlxalq toplantıda qərb ölkələrinin diqqətinə çatdırdım ki, Avropa İttifaqı enerji siyasətində Rusiya ilə bağlı tutduğu mövqeyi Azərbaycanla münasibətdə təkrarlamamalıdır. Yəni enerji təhlükəsizliyini önə çəkərək Rusiyada insan haqları ilə bağlı problemlərə göz yumulması onunla nəticələndi ki, axırda Avropa çox böyük enerji təhlükəsi ilə üzləşməli oldu”.
Onun fikrincə, bu “səhvin Azərbaycanda təkrarlanmaması” və Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün Avropa İttifaqı fəaliyyətini bir qədər də artırmalıdır.”
Lakin narahatlıq doğuran əsas məqam odur ki, Azərbaycanda “proseslər neqativ istiqamətdə” davam edir, Müsavat başqanı deyib:
“Yəni demokratiya Azərbaycanda ildən-ilə daha çox boğulur, insan hüquq və azadlıqları daha çox məhdudlaşdırılır, hər yeddi ildən bir keçirilən referendumda konstitusiya daha da mürtəceləşdirilir”.