Paşinyanın qəzetində Vardanyana qarşı sərt ittihamlar
Ermənistanlı politoloq Hayk Sukiasyanın fikrincə, Qarabağda məxməri hakimiyyət dəyişikliyi prosesi başlayıb.
Bu mövzuda təhlil yazısı Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanax” qəzetində dərc edilib.
Politoloqun fikrincə, Xankəndidəki rejimin “dövlət naziri” Ruben Vardanyan buna səlahiyyəti çatmasa da, Artsax (Qarabağ) lideri funksiyalarını öz üzərinə götürüb: “Əgər son hadisələri – mətbuat konfranslarını, siyasi bəyanatları izəyirsizsə, onda belə bir təəssürat yaranır ki, Vardanyan Artsaxda hakimiyyəti ələ keçirib”.
Separatçı rejimin formal rəhbəri Araik Arutunyanın “konstitusiya” dəyişikliyi təşəbbüsünü şərh edən politoloq sual verir: “İndi bunun vaxtıdırmı? Artsaxda başqa problem yoxdur? Dəhlizin açılması, Artsaxın müstəqilliyinin tanınması, Artsaxın təhlükəsizlik məsələləri yoxdur? Deyəsən, bu adamlar Artsaxın problemlərindən başqa hər şeylə məşğuldurlar”.
Hayk Sukiasyan qeyd edir ki, adətən dualizmin mövcud olduğu ölkələrdə təlatümlər olur. O, erməni cəmiyyətinə xəbərdarlıq edir ki, Aratunyanla Vardanyan arasında qarşıdurma Artsaxın parçalanmasına gətirib çıxaracaq: “Buna görə də ermənilər Arayik Arutyunyanın, ilk növbədə isə Ruben Vardanyanın qulaqlarından tutub Artsaxın siyasi həyatında baş verənlərlə bağlı izahat tələb etməlidirlər. Bu adamlar niyə belə “biabırçılıq” edirlər?”
Politoloq proqnozlaşdırır ki, əgər adı çəkilən şəxslər bu qarşıdurmanı davam etdirsələr, bu, həm Xankəndidəki rejimin beynəlxalq imicinə, həm də Ermənistanın təhlükəsizlik yollarını tapmaq səylərinə xələl gətirəcək.
“Əgər Artsax fövqəldövlətlərdən və dünyadan nəsə tələb edirsə, o, sivil olmalı və bu beynəlxalq standartlara uyğun olmalıdır. Hərçənd, Artsaxın öz müqəddəratını təyinetmə hüququnun tanınmasını dünyadan tələb edən Ruben Vardanyan gecə-gündüz “rus çəkməsi”ni tərifləyir, Rusiyadan, sülhməramlılardan öz vəzifələrini yerinə yetirməyi tələb etmir” – deyə, Sukiasyan vurğulayır.
Bu yaxınlarda Arayik Arutyunyanın və Ruben Vardanyanın Moskvaya səfəri ilə bağlı mediada yayılan xəbərlərdən danışan politoloq işarə edib ki, bu səfərlər sonuncular tərəfindən Ermənistan hakimiyyəti ilə razılaşdırılmayıb.
Hayk Sukiasyan hesab edir ki, Ruben Vardanyan Ermənistanın maraqlarını Rusiyanın maraqlarına tam tabe etməyə çalışır.
“Nəhayət, bu adamın məqsədinin nə olduğunu başa düşməliyik. Niyə bu adam Ermənistan daxilində daim münaqişə yaradır? Niyə indi Ermənistanın nəzarətindən kənarda qalan Artsax məsələsi Ermənistanın çiyninə yüklənir? Onların məqsədi Ermənistanın daxili həyatında təlatümlər yaratmaqdır. Güman edirəm ki, Şimalla razılığa gələcəklər, Ermənistanın çiynindən kənarda qalan, həll edə bilməyəcəyi məsələləri daim Ermənistandan tələb edəcəklər. Bu üsulla ölkədə emosiyaları qızışdıracaqlar, daxildə revanşizmə can atan 5-ci kolonu fəallaşdıracaqlar. Əgər siz də Ruben Vardanyanın addımlarına diqqətlə baxsanız, görəcəksiz ki, onun məqsədi əsla Artsax deyil” – deyə, mənbə vurğulayıb.
Basta