Ermənistandan Xankəndinə gedən gizli yolda Azərbaycanın nəzarət məntəqəsi yaradıldı
Qarabağdakı erməni mənbələrinin məlumatına görə, bu gün Azərbaycan Silahlı Qüvvələri Xəlfəli-Turşsu yaşayış məntəqələri arasındakı torpaq yolunda müşahidə məntəqəsi qurub. Belə ki, Azərbaycan Silahlı Qüvvələri iki erməni mövqesi arasındakı bu yolda hərəkəti nəzarətə götürüb.
Xatırladaq ki, indiyədək bu yolda erməni birləşmələrinin silah və canlı qüvvəsinin qanunsuz daşınması həyata keçirilib.
Azərbaycan vətəndaşlarının dekabrın 12-də Laçın yolunda başlayan aksiyasından sonra Qarabağla Ermənistan arasında əlaqə bu yol vasitəsi ilə saxlanılıb.
“Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.
“Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir. Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur. Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur”, Azərbyacan Müdafiə Nazirliyi bildirir.
Turan