Separatçılar Şuşanın kəndlərindən qanunsuz olaraq yol çəkirlər
Qarabağda separatçılar hərbi daşımalar həyata keçirmək məqsədilə Şuşa rayonunun Azərbaycan kəndlərindən qanunsuz olaraq avtomobil yolu çəkməyə başlayıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir, deyə hərbi idarənin press-relizində bildirilir.
“Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib”, deyə məlumatda qeyd edilir.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın (Azərbaycan, Ermənistan və RF liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı) müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır, deyə Azərbaycan Müdafiə Nazirliyinin press-relizində vurğulanır.
Bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, deyə hərbi idarə məlumatın sonunda qeyd edir.
Xatırladaq ki, Kosalar, Mirzələr, Xəlfəli, Turşsu kəndləri Şuşanın 1990-cı illərin əvvəllərinə qədər ermənilər tərəfindən doğma yurdlarından didərgin salınan azərbaycanlıların yaşadığı kəndləridir.