Azərbaycanda xüsusi karantinin müddəti yenə uzadıldı
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il iyulun 1-i, saat 06:00-dək uzadılıb. Bu barədə aprelin 19-da Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə izah edilib.
Karantin müddəti bundan əvvəl mayın 1-nə kimi uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından xüsusi karantin rejimi tətbiq edilir. Bu müddət ərzində yoluxma sayından asılı olaraq rejim bəzən sərtləşdirilsə də, sonradan yenidən yumşaldılıb. Onun müddəti dəfələrlə artırılıb.
Amma son aylar rəsmi yoluxma saylarının əvvəlki illərə nisbətən kəskin azaldığı bildirilir.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə aprelin 19-na kimi bu virusa 830 mindən çox şəxsin yoluxduğu, onlardan da 10 min 200-dən çoxunun vəfat etdiyi bildirilir.