Rusiya deputatının Bakını bombalamaq çağırışına Kremldən reaksiya
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Mixail Delyaqini öz şəxsi emosiyalarına nəzarət etməyə və Azərbaycanın ünvanına dost olmayan bəyanatlarla çıxış etməməyə çağırıb, TASS agentliyi bildirib.
“Bu, şəxsi emosiyalar müstəvisində olan bəyanatdır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də tərəfdaşlarımızla münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, – Peskov Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın neft infrastrukturuna zərbələrin endirilməsinin mümkünlüyü ilə bağlı deputatın bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi təəssüflə bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.