Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqları 3-gündür davam edir
ABŞ danışıqlar prosesinə və Cənubi Qafqazda dinc gələcəyə yardım etməyə “əvvəlkitək sadiqdir”, – çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa danışıqların ikinci gününü başa vurduqdan sonra bildirib.
ABŞ-da hər iki ölkənin nümayəndə heyətinin davamlı və balanslaşdırılmış sülhə yönəlmiş görüşü bu gün, üçüncü gün davam edəcək.
“Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır, ancaq hadisələri qabaqlamaq istəmirəm”,- Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel danışıqların gedişilə bağlı Turan-ın sualını cavablandırarkən bildirib.
Görüşün formatı barədə sualın cavabında Patel qeyd edib ki, Azərbaycan-Ermənistan nümayəndə heyətilə yanaşı, “Amerika tərəfdən bir sıra rəsmi şəxslər də bu işdə fəal iştirak edirlər”.
“Məlumdur ki, Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono Cənubi Qafqazda daimi işi sayəsində buna dərindən cəlb edilib. Mən bu həftənin qrafikini qabaqlamaq istəmirəm, amma görüşlər və tədbirlər gündən-günə keçiriləcək”, – Patel deyib.
Turan-a diplomatik mənbələrdən məlum olub ki, mayın 4-də Blinkenin nazirlər dialoqunun yekun iclasında iştirak edəcəyi gözlənilir.
Vashington danışıqlarına rəsmi Moskva da reaksiya verib. BBC xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, iki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı “ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında” mümkündür: “Hələlik, nizamlanmaya töhfə verəcək hər hansı başqa bir hüquqi əsas yoxdur. Buna görə də, indiyə qədər bu üçtərəfli sənədlər tamamilə alternativsizdir”.
O əlavə edib ki, iki ölkə arasında münasibətlərin nizamlanmasına bu “baza əsasında” göstəriləcək istənilən kömək “alqışlana bilər”. “Amma biz bilirik ki, nizamlanmanın əsasını sarsıdan müxtəlif cəhdlər olur. Bu da öz növbəsində nəticə verməyə bilər. Ümid edirik ki, söhbət birinci vəziyyətdən gedir”, – Kremlin sözçüsü deyib.