Biləcəri bələdiyyəsinin saxta sənədləri ortaya çıxdı – Faktlar

“Biləcəri bələdiyyəsinin sədri və işçiləri köhnə tarixə sənədlər verərək 2014-cü ilə qədər mazut borusu keçən ərazini saxta sənədlərlə satırlar”.

Bu ittihamla Biləcəri qəsəbəsindəki, Məmməd Səid Ordubadi küçəsində yaşayan bir qrup sakin çıxış edib. Məsələ ilə əlaqədar ölkə başçısına və müxtəlif dövlət qurumlarına müraciət edən sakinlər, onların iddialarının əsaslı olduğunu sübut edən sənədləri redaksiyamıza təqdim ediblər.

Aşağıda gördüyünüz sənəd Biləcəri bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli 503 saylı qərarı ilə Vəliyeva Bəsti Məmməd qızına satılmış 600.0 m² torpaq sahəsinin eskiz-sxemidir. Sxemdə torpaq sahəsinin qarşısından mazut borusunun keçdiyi göstərilib (mazut borusunun mühafizə zonasının hər iki tərəfə 15 metr olduğu qeyd edilib).

Aşağıda gördüyünüz ikinci şəkil isə yenə Biləcəri bələdiyyənin eyni tarixə rəsmiləşdirdiyi 432 saylı qərarına əlavə olunmuş eskiz-sxemdir. Bələdiyyənin bu qərarında mazut borusu “yoxa çıxıb”. Sakinlər bildirir ki, mazut borusunun yerləşdiyi əraziyə saxta sənədlə İbrahimov Saleh Ələsgər oğluna 600.0 m² torpaq sahəsi satılıb.

Şikayətçilər qeyd edir ki, həmin ərazidə 2014-ci ilə qədər mazut borusu mövcud olub. Boru ləğv edildikdən sonra isə sakinlər buranı abadlaşdıraraq ağaclar əkiblər. Həmin ərazidə, əksəriyyəti “Eldar şamı” və sərv olmaqla, 336 ədəd aşacın olduğu  müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınıb və qorunur. Belə olduğu halda Biləcəri bələdiyyəsi 2006-cı ildə mazut borusunun altında olan torpaq səhəsini necə sata bilərdi?

Bilicəri bələdiyyəsinn fokusları bununla bitmir.

Aşağıda gördüyünüz sənəd 16 oktyabr 2007-ci il tarixli 877 saylı qərarla Qafarov Gülağa Balamirzə oğluna satılmış 600.0 m² torpaq sahəsinin eskiz-sxemidir. Burada torpaq sahəsinin yanından mazut borusunun keçdiyi göstərilib.

Aşağıda təqdim etdiyimiz bu sənəddə isə yenə mazut borusunun olmadığı və mazut borusunun yerləşdiyi ərazidə 200.0 m² torpaq sahəsinin Quliyev Eyvaz Mikayıl oğluna satıldığı görünür. Halbuki Eyvaz Quliyevə torpağın satılması barədə qərar məhz 16 oktyabr 2007-ci il tarixinə, yəni Gülağa Qafarova torpaq sahəsi ayrıldığı günə rəsmiləşdirilib.

 

Şikayətçilər hesab edir ki, bələdiyyənin guya eyni gündə verdiyi qərarların birinin 877, digərinin isə 852/a nömrəsi ilə sıralanması da müəmmalıdır, çünki bələdiyyənin başqa sənədlərində sıra sayına hərf əlavə edilməsinə rast gəlinmir. Ehtimal olunur ki, saxta sənədi tərtib edənlər tarixi müəyyən edərkən, ilk növbədə 2007-ci ildən sonra bələdiyyələrin torpaq üzərində sərəncam vermək səlahiyyətinin məhdudlaşdırılmasını nəzərə alıblar. Həmçinin bu tarixləri torpaqla bağlı real qərar verilən günlərə uyğunlaşdırıblar. Lakin görünür, həmin sənədlərin nə vaxtsa tutuşdurulacağı və eyni gündə verilən sənədin birində mazut borusunun olması, digərində isə olmaması kimi saxtakarlığın ortaya çıxacağı ağıllarına gəlməyib.

Şikayətçilər qeyd edir ki, 2014-cü ilə qədər mazut borusunun orada olduğunu peyk görüntülərindən, yerin kodları ilə aydın görmək olar. Qanuni torpaq alan sakinlərə verilən bütün sənədlərdə mazut borusunun oradan keçdiyi sxemlərdə öz əksini tapıb. Həmçinin aşağıda təqdim etdiyimiz sənəd – Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarovun şikayətçilərə verdiyi cavab məktubunda da, oradan mazut borusunun keçdiyi qeyd edilir. Bəs mazut borusunun altındakı ərazi necə satıla bilər?

Ölkə başçısı İlham Əliyevə və əlaqədar dövlət qurumlarına rəsmi ərizə ilə müraciət edən sakinlər saxta sənədlərin ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər. Ərizəni Elxan Rəhimov, Şahlar İsgəndərzadə, Tural Hüseynov da daxil olmaqla, ümumilikdə 18 nəfər imzalayıb. Onların arasında şəhid ailəsinin üzvləri və bir Qarabağ qazisi də var. 

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarovun mövqeyini dərc etməyə hazırıq.

 

Basta