“Seçkini saxtalaşdırmaq böyük alçaqlıqdır”

#seçki xatirəsi 

2012-ci ildən bütün seçkilərdə müşahidəçi oluram.

Deməli, 2018-də seçkilərdə müşahidəçi kimi Qubanın Kələnoy kəndinə getmişdim. Oktyabrın 10-u idi, bəzi dağlıq yerlərə qar düşmüşdü. Kələnoy da tat kəndidir. Gecə ilə Qubaya getdim, ordan da səhər tezdən Kələnoya.
Məntəqədə hamı ilə salamlaşdım, keçdim oturdum yerimə. Gördüm ki, bunlar məni çölə çıxarmaqda maraqlıdılar. Saat 10 olmamışdı ki, çölə çay dəstgahı qoydular. Məni çağırdılar ki, ay oğul, yol gəlmisən, boğazını islat. Təbii ki, çıxmadım. Nəsə sonra tat dilində qəribə cümlələr dedilər. öz aralarında. Yəqin söyürdülər də.

Saat 12-də qaynadılmış hinduşka gətirdilər, yanında gəy-göyərti ilə. Bulyonu da qrafinkada. Yenə məni çağırdılar ki, çıxım çölə. Mən içəridə qaldım, yox dedim. Bunlar çöldə yeyirdilər. Bir-bir gəlib yalvar-yaxardılar, çölə çıxmadım. Dedim mənim yeməyim var, sizə nuş, siz bu qutuya bülleten ata bilməzsiz. Elə bu arada aralarında bir dənə kişi var, bığlı, buzburutlu, komissyya üzvü idi, barmağa maye fışqırdan idi. Elə bu düz 15 dəqiqə əlində budla qapının ağzında durmuşdu, qoparıb yeyirdi. Mənə acıq verirdi.

Mən də özümlə yemək aparmışdım. Bunu da yeməyə qoymurlar ki, otaqdan iy gəlir, burda yemə. Gizlicə əlimin içində yeməyə çalışdım. Təsəvvür edin mədəm necə yanır. Günorta oldu, bunlara buğlama, müxtəlif turşular gəldi. Kompotla zadla basdılar yedilər, mən də qapının ağzından qutu güdürəm. Yeməklər də məktəbin düz yanındakı evdə bişirdi.

Bu arada bir nəfər gəldi, qalstuklu, hündürboy kişi idi. Dedi ki, bəs qardaşoğlu, sən də bizim kiçik qardaşımızsan, yerlimizsən, şimaldansan, kürəyimə də əliçi şappıldatdı, bildirdi ki, mən bu 7 kəndə seçkilərə nəzarət edirəm, özüm də Gömrük polkonikiyəm. Məni yuxarıların gözündə kölgəli eləmə. Dedim qanun nədirsə, odur. Məndən uzaq durun. Başını yellədi, çıxdı siqaretə.
Birazdan karusel gəldi. Təbii ki, qoymadım. Ümumi 316 seçici var idi, 4-ə qədər 195 gəlmişdi. Onları da yük maşınlarına doldurub gətirmişdilər. Biraz keçdi, eyni adamları qapıdan qaytardım. Bu arada hamı məni söyürdü tat dilində. Polis gəldi, dedi mane olursan. Dedim ancaq bu kitabçadakı qaydalar çərçivəsində hər şey edirəm. Bununla dirəşdim.

Axşama qədər dirəşdim. Yemək də yemədim. Həmin o gömrük polkovniki saat 7-nin yarısına qədər yalvardı ki, bəs bütün bülletenler dolmalıdır, mən ona çalışıram, icazə ver. Onun da səsini yazdım, elə facebookda da paylaşmışdım.

Saat 7-yə 5 dəq qalmışdı, bir lafet adam gəldi. Kənd camaatıdır, allah bilir başqa kənddən gətirmişdilər. Yenə karuselə imkan vermədim. 8-ə 3 dəq işləmiş yenə 15 nəfəri yenə gətirdilər. Dedilər ki, bunlar üzrlü səbəbdən gecikib. Üzrlü səbəb e, özü də. Dedim ki, özünüz bilərsiz. İstəyiniz qanunsuzdur, mən qoymaram, aktlaşdıracam. Polkovnik yenə yalvardı, 8-in yarısına qədər. Təsəvvür edin, seçki bitib, adamları saxlayıblar qapıda ki, bəs girib saxtalaşdırsınlar. Uşaq vaxtı məktəb direktoru olmuş Zaur Məlikova zəng etmişdi (yeri gəlmişkən, seçki komissiyanın sədridir kənddə). O mənə zəng eləmədi. Atam zəng elədi, dedim bəs sənlik deyil, boş verin. 8-in yarısına qədər 15-20 nəfər qapıda qaldı. Sonra polkovnik məni azərbaycanca və tatca söydü, onları da söydü, saldı yola. Özü də çıxdı getdi.

Saat 9-a qədər səsləri saydılar. Gördülər ki, hamının səs verməyinə nə qədərsə adam çatmır. Polkovnik yenə peyda oldu, girdi içəri, əlimə ruçka verdi, dedi hansına istəsən səs ver ar, əsas odur siyahı tam olsun.VDedim sən dəlisən? Xəstəsən? Bu qanunsuzluqdur.

Burda dava düşdü, itələşdik, polis girdi. Həm də qorxuram, çöldə qaranlıq, yabanı soxarlar adamın dalına. Axır imkan vermədim. Protokolu yazdırdım, imzalatdım. Sonda komissiya sədri və üzvləri xorla mənə “allah bəlanı versin” dedi.

Təsəvvür edin, hamı getdi evə, mənə günorta rayona aparacağını deyən polkovnik də getdi. Bir polis qaldı, bir də mən. Polis də qonşu kənddən imiş. Dedim bəs məni o kəndə qədər apar. Dedi apara bilmərəm, mənə deyiblər nə badə səni aparım. Yuxarıdan da yağış yağır, duman, çamur. Yol da bərbad gündə, dizə qədər palçıq.

Protokolu saldım qarnıma, su içində 3 kəndi keçdim, sonra gördüm kənar yoldan bir dənə 06 çıxır, özü də yüklə. Qardaşa 10 manat verdim, Qubaya gətirdi məni. Orda da İmranla görüşdüm, çay içdik, verdim protokolu. Rahatladım.

Gecə oturdum taksiyə, o qədər ağladım, o qədər ağladım. Halımı soruşan taksi sürücüsünü də söydüm. Nəyə ağladığımı da deyə bilmədim təbii ki. Burnumdan fırtdıx tökülə tökülə ağladım. Düz 1 həftə işə getmədim. Depressiyadan 5 kq çəki itirdim. Özümü alçalmış kimi hiss edirdim.

Nə verdi? Mənə çox şey verdi. Kimliyindən, zamanından, yerindən asılı olmayaraq həqiqət və ədalət uğrunda mübarizə əzmim yenmir. Əclaflıqlara qarşı sona qədər.
Mənim düşüncəmə görə, seçki saxtalaşdırmaq ən böyük alçaqlıqlardan, nadanlıqlardan biridir, bəlkə də ilk sıradadır. Ona görə ölkədə çox insanın əxlaqsız olduğunu bilirəm. Biz bu adamlarla eyni sırada durub, eyni havanı uduruq. Bir çoxları məni də sosial mediadan izləyir. Onlara da xatırlatma oldu. Evə belə çörək aparmırlar.

Seçki saxtakarlığı milyonlarla insanın taleyi ilə oynamaq, korrupsiyaya, rüşvətə, qanunsuzluğa yol açmaq deməkdir. Bir insan bunu özünə rəva bilirsə, deməli onun üzünə tüpürülməlidir.

 

Yazı Shafi Shafiyevin feysbuk səhifəsindən götürülüb.