DİN: “Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib”
“Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsi ilə bağlı iki aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları profilaktik izahat işləri aparıblar”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev özünün feysbuk hesabında yazıb. O qeyd edib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslərin müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların “qanunsuz əməllərinin qarşısını alıblar”.
“Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən, Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsalar da, həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb”, – Elşad Hacıyev vurğulayıb.
İyunun 20-də Gədəbəy rayonunda yerli əhali ilə polis arasında insident olub. Xəsarət alanların olduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz edirlər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. Polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib.
Kənd sakini Sürəyya Əliyeva Amerikanın Səsinə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib.
“Artıq kimyəvi tərkibli suların toplandığı bir göl dolub. İndi kəndin on metrliyində ikinci göl qurmaq istəyrilər. Bu göllər kəndin örüş sahələrində qurulur. Yaşamaq mümkün deyil. Kənd sakinləri gölün qurulmasına etiraz etdi. Bu zaman polis güc tətbiq etdi, gözyaşardıcı qazdan istifadə etdi. Kənd sakinləri arasında on nəfərədək xəsarət alanlar var. 6 nəfər polis tərəfindən saxlanılıb. Bir qadın da xəsarət alıb. Onun bədənində, üzündə şişlər var. Əraziyə təcili tibbi yardım gəldi, xəsarət alanlara tibbi yardım göstərildi”, Əliyeva Amerikanın Səsinə deyib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
“Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar. O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir”, məlumatda qeyd edilir.
“Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”, məlumatda qeyd olunub.
Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.