Söyüdlü hadisələrinə görə keçmiş deputat həbs edildi
İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar və ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a keçmiş parlamentarinin vəkili Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Bəydəmirliyə qarşı Azərbaycan CM-in 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bəydəmirli özünü təqsirli bilmir və apellyasiya şikayəti vermək niyyətindədir.
Bəydəmirli iyulun 4-də saxlanılıb. O, saxlanıldıqdan sonra vəkilinə zəng edib və Gədəbəy rayonunun Söyüdlü kəndindəki iğtişaşlarla bağlı mövqeyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Keçmiş deputat KİV-ə müsahibəsində yerli sakinlərin kənddə yerləşən qızıl mədəni müəssisəsinin fəaliyyətinin insanların sağlamlığına və ətraf mühitə zərərli təsiri haqqında iddialarının əsaslı olduğunu bildirib.
***
İyulun 4-də Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Vəkil Aqil Layıc facebook səhifəsində yazıb: “Bəyədmirlini Banditizmdə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar… özü indi zəng edərək məlumat verdi…”, vəkil qeyd edib.
Nazim Bəydəmirlinin özü isə 8 saat öncə öz facebook səhifəsində yazıb ki, “gəlmişəm el arasında “banditizm” deyilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ki, “ədaləti” (həm hərfi, həm də məcazi mənada) tapım…burada tapmasam, elə birbaşa gələcəm Daxili İşlər Nazirliyninin əsas binasında axtarmağa…”
Hazırki anda Nazim Bəydəmirlinin telefonuna zəng çatsa da cavab verən yoxdur. Onun facebook səhfəsi də bir qədər əvvəl fəal olub. Lakin o sorğulara cavab vermir.
Bununla yanaşı, vəkil Aqil Layıc da telefonuna və sorğulara cavab vermir.
Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”.
Qurumdan qeyd olunub ki, hazırda Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.
Turan