Şuşa və Laçın istiqamətində atışma
İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-i səhər saatlarında baş verən atışma nəticəsində bir erməni hərbi qulluqçusu yaralanıb.