Rəsmi Bakıdan Qırmızı Xaç Komitəsinə qaçaqmalçılıq ittihamı

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır.

Bu haqda Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bir sıra faktlar sadalanıb:

  • 01.07.2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 17.06.1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdiyi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
  • 03.07.2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 12.04.1977-ci il təvəllüdlü Grigoryan Vrezhin idarə etdiyi (pasport: AU040291) UAZ markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş  115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
  • 05.07.2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 26.04.1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılmışdır.
  • 05.07.2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 04.12.1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdiyi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılmışdır.

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd  əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır.

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir.

***

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

Bu barədə BQXK-nin Bakı Nümayəndəliyinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Ermənistandan Qarabağın ermənilər məskunlaşan hissəsinə BQXK-nin nəqliyyat vasitələri ilə qaçaqmalçılıq yolu ilə məhsul daşınması haqqında bəyanatı ilə əlaqədar məlumatında deyilir.

“BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.

Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”, deyə press-relizdə qeyd edilir.

“Bizim Laçın koridoru boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”, deyə BQXK-nin Bakı Nümayəndəliyinin məlumatında bildirilir.