Tofiq Yaqublu 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edildi
Bakının Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsində hökm çıxararaq onu ciddi rejimli koloniyada saxlanılmaqla 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edib. Bununla da hakim Nəriman Mehdiyev T.Yaqublunu silah kimi əşyadan istifadə etməklə xuliqanlıqda (CM-in 221.3-cü maddəsi) təqsirli bilib.
.
Ötən gün prokuror onun 4 il, 6 ay müddətinə həbs edilməsini istəmişdi.
.
Müsavat başqanı Arif Hacılı bildirib ki, Azərbaycanın önəmli siyasətçilərindən biri olan Tofiq Yaqublu barədə çıxarılan bu kökm hakimiyyətin dialoq, islahat nağıllarının nə qədər əsassız və puç olduğunu bir daha təsdiqlədi.
“Hakimiyyət heç bir günahı olmayan tanınmış şəxsiyyət, Qarabağ müharibəsi döyüşçüsü barədə belə qərar çıxarmaqla ölkədə ədalət mühakiməsi sisteminin mövcud olmadığını, mənəvi dəyərlərə, cəmiyyətin maraqlarına heç bir əhəmiyyət vermədiyini nümayiş etdirdi. İctimai rəylə hesablaşmayan, özünü xalqın və hüququn fövqündə görən hakimiyyətlərin aqibəti bəllidir. Azərbaycan cəmiyyətinin toparlanacağı Tofiq Yaqublu da daxil olmaqla qondarma ittihamlarla müxtəlif müddətlərə həbs edilmiş siyasi məhbusların eyni vaxtda azadlığa çıxacağı gün də uzaqda deyil” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
.
Qeyd edək ki, Arif Hacılı və bir qrup müxalifət fəalı Nizami Rayon Məhkəməsinə gəlsələr də, onlar məhkəməyə buraxılmayıb.
.
.
Məhkəmənin hökmü etirazla qarşılanıb. Nizami rayon Məhkəməsinin qarşısına toplaşmış insanlar hökmü “Tofiq Yaqubluya azadlıq!”, “Sifarişli hökmə yox!”, “Siyasi məhbuslara azadlıq!” və “İstefa!” şüarları ilə qarşılayıb. Polis aksiyanın qarşısını alıb, insident qeydə alınmayıb, saxlananlar olmayıb.
.
.
Xatırladaq ki, bu il martın 22-də T.Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.
Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı T.Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.
Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.
Sentyabrın 2-də T.Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. T.Yaqublu bu özbaşınalığa etiraz olaraq aclığa başlayıb.
T.Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi.
.
Basta