Tofiq Yaqublunun həbsi ilə bağlı Müsavatın bəyanatı
Müsavat Partiyası Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar bəyanat yayıb.
Sənəddə deyilir:
.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Azərbaycan müxalifətinin önəmli simalarından biri, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə əsassız hökm çıxarıb. Yarıqapalı şəraitdə keçirilən məhkəmə prosesində Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamın tamamilə uydurma olduğu, avtomobillə qəza törədilməsi olayının qurama, istintaqın tam saxta olduğu sübuta yetirilib. Bütün bunlara rəğmən məhkəmə hakimiyyətin siyasi sifarişini yerinə yetirərək Tofiq Yaqublunun azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Bu qərar hakimiyyətin dialoq, islahat barədə deklorasiyalarının tamamilə yalan olduğunu bir daha təsdiqləyib.
.
Hakimiyyət heç bir günahı olmayan tanınmış şəxsiyyət, Qarabağ müharibəsi döyüşçüsü olan Tofiq Yaqublunun barəsində belə bir hökmün çıxarılmasına rəvac verməklə, ölkədə ədalət mühakiməsi sisteminin mövcud olmadığını, mənəvi dəyərlərə, cəmiyyətin maraqlarına heç bir əhəmiyyət vermədiyini bir daha nümayiş etdirib.
.
Müsavat Partiyası Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmünü Azərbaycanda müxalifətə qarşı həyata keçirilən repressiyaların davamı kimi qiymətləndirir və bunu qətiyyətlə pisləyir.
Müsavat Partiyası ölkədə repressiyalara son qoyulmasını, Tofiq Yaqublunun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.
.