Düşmən də döyüşməyi bacarır
“Ermənistan ərazi bütövlüyümüzü tanıyır, Azərbaycan antiterror əməliyyatları keçirən zaman məsələyə qarışmadı. Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. İnanıram ki, bu məsələ də Rusiyanın Ukraynada məğlub olmasından sonra həllini tapacaq”.
Bunu Müsavat başqanının müavini, ehtiyatda olan zabit Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.
Fərəc Kərimli şəhidlərin çox olması ilə bağlı fikirləri də şərh edib: “Xoşunuza gəlməsə də, düşmən də döyüşməyi bacarır. Döyüşə bilməsələr 44 günlük müharibədə 3 min şəhid verməzdik. Guya düşməni əfəl, əli silah tuta bilməyən, “erməni qandan qorxur” kimi təqdim etməklə nə qazanırıq? İllərdi hərbiləşdirilmiş rejim qurublar və ömürlərini bizimlə döyüşəcəkləri günə həsr ediblər. Sadəcə gücləri çatmadı və ümid edirəm ki, ömürlük dərslərini aldılar. Qarabağdan isə xoş xəbərlər gəlməkdə davam edir, ordumuz yavaş-yavaş ərazilərimizdə hakim olur. Şəhidlərimizin ruhları şad olsun! Qazilərimizə şəfa diləyirəm. Ordumuza da daim uğurlar arzulayıram!”