Qarabağda iki sərhədçi, bir mülki şəxs həlak oldu

Ağdam sakini minaya düşərək həlak olub

 

Bir neçə gündür yaxınlarının xəbər ala bilmədiyi Ağdam sakininin minaya düşməsi nəticəsində öldüyü bəlli olub.

 

Ağdam rayon prokurorluğu bildirib ki, o, iyunun 7-də itkin düşmüş 43 yaşlı Cəsarət Hətəmxanovdur.

 

Onun meyiti iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində tapılıb.

 

Qurum bildirir ki, Cəsarət Hətəmxanov kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə piyada əleyhinə minaya düşüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və digər maddələri ilə cinayət işi başlanıb.

 

Laçında Sərhəd Xidmətinin iki hərbçisi həlak olub

 

Çərşənbə günü Laçın rayonunun Cicimli kəndi yaxınlığında avtomobil qəzasında Dövlət Sərhəd Xidmətinin iki hərbçi həlak olub.

 

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yol qəzası nəticəsində baş leytenant Elməddin Nəsibov və gizir Kamal Kamallı vəfat ediblər.

 

Qurum bildirib ki, hadisə “iyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində baş verib”.

 

“Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb”, – DSX bildirib.

 

Qurum deyib ki, prokurorluq əməkdaşları ilə birgə araşdırma aparılır.

 

Laçın ötən il baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ilin dekabrın 1-də, 28 ildən sonra Azərbaycana qaytarılıb. Hazırda Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən 5 kilometr enliyində dəhliz Laçın ərazisindən keçir. Bu dəhliz rayonun mərkəzindən keçir və ona nəzarəti Rusiya sülhməramlı kontingenti həyata keçirir.

 

Bu dəhlizə üç il müddətində alternativ yolun inşası nəzərdə tutulub və ondan sonra rayonun mərkəzinin də Azərbaycanın nəzarətinə keçəcəyi bildirilib.

BBC