İlham Əliyev Qranadaya səfərdən imtina etdi – KİV

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina edib. Sammit çərçivəsində onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılırdı.

Bu xəbəri Azərbaycanın demək olar ki, bütün aparıcı hakimiyyətyönlü KİV-i yayıb.

Avropa İttifaqı Qranadada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, eləcə də Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli formatda Əliyevlə Paşinyanın görüşünün keçirilməsini təklif etmişdi.

Lakin Azərbaycan tərəfi Fransanın Bakının ünvanına yolverilməz ittihamları və onun Ermənistana silah tədarükünə dair bəyanatları ilə əlaqədar bu formatı qəbuledilməz hesab edib.

Bundan əlavə, danışıqlarda Türkiyə prezidentinin də iştirakı ilə bağlı  Bakının təklifi qəbul edilməyib.

Fransanın iştirak edəcəyi təqdirdə, Azərbaycan Ermənistanla danışıqların istənilən formatını rədd edir.

Turan