AXCP Ədliyyə Nazirliyini məhkəməyə verib
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyini məhkəməyə verib. Buna səbəb Ədliyyə Nazirliyinin AXCP-nin 7-ci qurultayının sənədlərini dövlət qeydiyyatına almamasıdır.
Bu barədə “Müdafiəçi” Hüquq Mərkəzi məlumat yayıb.
İyunun 24-də AXCP 7-ci qurultayını keçirib. Qurultay nəticəsində partiyanın sədri və Nəzarət Təftiş Komissiyasına üzvlər seçilib, Ali Məclisin yeni tərkibi təsdiq olunub, eləcə də digər qərarlar qəbul edilib.
“İyunun 28-də bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri partiyanın səlahiyyətli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim edilib. Sentyabrın 1-də nazirlik AXCP-nin 7-ci qurultayının nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina edib. Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb. Nazirliyin bu imtinası AXCP-nin siyasi partiya kimi sərbəst və funksional fəaliyyət göstərməsinə maneələr yaradır”, məlumatda qeyd edilir.
Oktyabrın 6-da AXCP Ədliyyə Nazirliyinə qarşı məcburetmə haqqında iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək partiyanın 24 iyun tarixli 7-ci qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasını tələb edib.
Oktyabrın 9-da Bakı İnzibati Məhkəməsi tərəfindən iddia ərizəsi baxılması üçün hakim Səlma Salahovanın icraatına verilib.
“İddia ərizəsinə əsasən nazirlik qurultayın nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan heç birini göstərməyib və qurultay nizamnamənin tələblərinə uyğun olaraq həyata keçirilib. Qaldırılan mülki iddianın hüquqi nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas təşkil etmir. İddia ərizəsində nazirliyin imtinaedici aktının Azərbaycan Konstitusiyasının (58-ci maddə – birləşmək hüququ), Avropa İnsan Hüquqları Konvensiyasının (11-ci maddə – toplaşmaq və birləşmək azadlığı hüququ və 18-ci maddə – hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Azərbaycan Qanunlarının tələblərinə zidd olduğu qeyd edilir”, “Müdafiəçi” Hüquq Mərkəzi bildirir.
Öz növbəsində, Ədliyyə Nazirliyi AXCP-nin qurultayının sənədlərinin qeydiyyata alınmaması ilə bağlı hələ məlumat yaymayıb.
Məlumatda deyilir ki, AXCP-nin qeyd edilən iddia ərizəsi “Müdafiəçi” Hüquq Mərkəzi və vəkil Fəxrəddin Mehdiyevin birgə əməkdaşlığı ilə hazırlanıb.
“Müdafiəçi” Hüquq Mərkəzi 26 sentyabr 2023-cü ildə təsis edilib və insan haqlarının təməl aspektlərindən biri olan siyasi haqlar sahəsində hüquqi yardım və digər əlaqəli işləri həyata keçirir.
Amerikanın səsi