Ukraynalı deputatlardan Azərbayacana dəstək
Ukrayna Ali Radasının 20 deputatı Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.
Sənəddə deyilir:
“Biz, Ukrayna Ali Radasının deputatları, Azərbaycana və onun xalqına dəstəyimizi bildiririk!
Separatçıların Azərbaycanda təslim olmasından sonra erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq media qurumları nifrət təbliğatını gücləndirir, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.
Biz bunu qəbuledilməz hesab edirik!
Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisində fəaliyyət göstərib.
Silahlı birləşmələr təslim olduqdan sonra Qarabağ ərazisinə separatçılar tərəfindən qanunsuz gətirilən çoxlu sayda silah-sursat və ağır hərbi texnika aşkar edilib.
Qarabağın erməni əhalisinin Ermənistan ərazisinə köçməsi zamanaı zorakılıq baş verməyib – bunu oktyabrın 1-də Qarabağa gələn BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyib.
Bütün Ukrayna separatizmlə mübarizədə Azərbaycanı dəstəkləyir.
Qarabağdakı separatçı birləşmələrin əsas oyunçuları “Sülhməramlıların” bazasına sığınıblar. Eyni separatizm Rusiyanın himayəsi altında Ukrayna Krımına və Ukrayna Donbasına da gəlib çıxıb. Hal-hazırda Azərbaycan qalib gəlib və öz əraziləri üzərində nəzarəti bərpa edib – Ukrayna da mütləq qalib gələcək!
Ukrayna Azərbaycanın tərəfindədir, çünki Azərbaycan Ukraynanın tərəfindədir.
Biz Azərbaycana qarşı istənilən sanksiyaların tətbiqi çağırışlarını qətiyyətlə pisləyirik.”
Sənəddə həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlardan söz açılıb və bu, təqdir edilib.