Qarabağda ölən sülhməramlıların ailələrinə bu qədər pul veriləcək
Bir müddət öncə Qarabağda həlak olan sülhməramlıların ailələrinə Rusiya Sülh Fondundan 1 milyon rubl məbləğində yardım veriləcək.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Sülh Fonduna istinadən məlumat yayıb.
“Sentyabrın 20-də hərbi qulluqçularımız atəşə tutulub və həlak olublar. Onların ailələrini saxlamaq bizim borcumuzdur. Mənim şəxsi nəzarətim altında olan Sülh Fondu sülhməramlıların ailələrinə kömək etməkdə davam edəcək”, – Fondun sədri, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski bildirib.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 20-də Qarabağın Canyataq kəndi yaxınlığında rus sülhməramlılarının olduğu avtomobilin atıcı silahlardan atəşə tutulması və bir qrup hərbçinin həlak olması barədə məlumat yayıb. Rusiya və Azərbaycanın istintaq orqanlarının nümayəndələri hadisə yerində olub, araşdırma aparıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinə hərbçilərin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib.