Abbas Lisanidən kəskin bəyanat: “Fars şovinizmi donunu dəyişib”
Keçmiş siyasi məhbus və Abbas Lisani milli fəalların xüsusilə son vaxtlar artan həbs halları ilə bağlı müraciət edib.
Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalında paylaşım edilib.
O, müraciətində 44 il əvvəl baş verən inqilabın fars rasizminin başqa formada həyatda qalmaq üçün qabıq dəyişdiyinin nəticəsi olduğunu deyib.
Müraciətdə deyilir:
“Bildiyiniz kimi fars rasismi 44 il öncə Qərb güclərinin çıxarları doğrultusunda səltənət donunu çıxarıb İslam Cumhuriyyəti donunu geydi. Pəhləvi dönəmində fars şovinizminin yalnız qılıncı var idisə, islam cumhuriyyətində həm qılınc, həm də teokrasi araxına yiyələnmiş durumdadır. Bu üzdən İran adlanan yerdə bütün özgürlük uğrunda siyasi və ictimai qılınc gücü və din adı altında hər cür basqı və tapdalanmaqla yox edilməyə sürüklənmişdir.
Güney Azərbaycan milli hərəkatının Azərbaycan kütləsi arasında yayğınlaşıb, milli söyləmin etgi və ötgü alanının geniş və dərin olduğuna görə, mərkəzçi fars hakimiyyəti, milli haqdan doğulan və insan haqlarına söykənən milli hərəkəti hər cür boğub söndürməyə can atmışdır.
Dustaqlar, işgəncələr, şəxsiyyət terrorları, şəhid etməklər, basqınlar ardıcıl olaraq hələdə davam etməkdədir. Ancaq bütün bu basqılara baxmayaraq, ulusal çalışqanlar düşmən qarşısında dik duraraq, sınmaylb, buruşuq oyunlara uymayıb və mübarizə etməkdədir”.
Lisani həbs edilən fəalların ailələrinin istəyi olduğu təqdirdə onlara dəstək üçün istənilən məqbul aksiyalar keçirməyə hazır olduğunu deyib.
Siyasi məhbus bildirib ki, bu gün siyasi, iqtisadi, ictimai və başqa problemlərə görə Urmu kimi əhəmiyyətli məsələlərə yetərli diqqət ayrıla bilməsə də, ən azından milli fəalların azad edilməsi üçün addımlar atılmalıdır.
“Milli fəallarımızı dustaqdan və işgəncədən qurtarmaq üçün millətçilər və milli fəallar meydanda olarsa sonuc almaq daha əlverişli olar”,- Abbas Lisani vurğulayıb.
Abbas Lisani bu il fevralın 21-də ona təyin olunan 8 illik cəzanın yarıdan çoxunu çəkdikdən sonra azad edilib.