Bakının Nərimanov Rayon Məhkəməsi jurnalist Teymur Kerimovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu haqda “Kanal-11” internet televiziyasının redaksiyasından məlumat verilib.
Hüquq müdafiəçisi Rüfət Səfərov jurnalistin işgəncəyə məruz qaldığı haqda məlumat yayıb.
“Teymuru döyüblər, işgəncəyə məruz qoyublar ki, “narkotik vasitə satışı ilə məşğul olduğunu etiraf etsin”, lakin o, rədd edib, iradə nümayiş etdirib, belədə istintaq “hədə-qorxu yolu tələb etməyə” keçib…” – deyə, Rüfət Sərov özünün feysbuk hesabında yazıb.
***
“Kanal-11” Youtube kanalının direktoru Teymur Kərimov Bakının Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
Kərimova qarşı CM-in 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
O, dekabrın 11-də günorta saatlarında saxlanılıb və bir gün sonra DİN onun cinayət məsuliyyətinə cəlb edildiyini təsdiq edib.
Kərimovun həmkarları onun jurnalist fəaliyyətinə, aktual sosial mövzularda, insan hüquqlarının pozulması mövzusunda reportajlar hazırladığına görə təqib edildiyini hesab edirlər.
***
Jurnalist Teymur Kərimov yoxa çıxıb
“Kanal11” internet televiziyasının direktoru Teymur Kərimov dekabrın 11-də səhər saatlarından yoxa çıxıb.
Bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov jurnalistin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı barədə məlumat aldığını bildirib.
“Kanal11”-in redaksiyası adından yayılan bəyanatda Teymur Kərimovun həbs edildiyi ehtimal olunur.
Bəyanatda deyilir:
“Əldə etdiyimiz təsdiqlənməmiş məlumata görə, o Nərimanov Rayon 16-cı polis bölməsində saxlanılır, barəsində cinayət işi açılıb.
Teymur Kərimov bu ilin iyul ayında çəkdiyi, kanalımızda və “Azad Söz” internet televiziyasında yayımlanan Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevlə bağlı video reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib.
Daha sonra, qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf halına gəlib. Yenə video reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib.
Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub.
Son günlərdə bunun örnəyi AbzasMedianın direktoru ÜlviHəsənli, baş redaktoru SevincAbbasova(Vaqifqızı), jurnalist NərgizAbsalamova,”Kanal13″ internet televiziyasının Azərbaycandakı direktoru ƏzizOrucov, yenə sözügedən kanalın əməkdaşı RüfətMuradlıdır.
Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır…
“Kanal11″ internet televiziyası olaraq aidiyyatı qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik”.
Basta