Mehman Hüseynovun çəkiliş avadanlıqları əlindən alındı – Yenilənib
Bloger Mehaman Hüseynovun çəkiliş avadanlıqları – dron və kameraları əlindən alınıb. Bu barədə o, sərbəst buraxıldıqdan sonra özünün feysbuk səhifəsində yazıb.
Yazını təqdim edirik:
Mən bandit deyiləm! Mən cinayətkar deyiləm! Mən rüşvətxor, korrupsioner məmur deyiləm!
Zor gücü ilə məni susdurmaq istəyirlər! Niyə? Çünki mən əsl cinayətkarları, korrupsiyaya əli batmış məmurları, dövlət büdcəsindən xalqın pullarını oğurlayanları axtarıb ortaya çıxardıram. Bu gün də növbəti araşdırma üçün mən və dostum, həmkarım Ulvi Hasanli ilə yola çıxmışdıq.
Novxanıda xalqa məxsus olan pulları tapmışdım. Sadəcə bu dəfə hər şeyi dəqiq ölçüb biçməmişdim.
Təsəvvür edin, bir məmurun oğurlanmış pullarını ortaya çıxartmayım deyə, məni həbs etmək üçün maşınımı bütün yol polis işçilərinə axtarışa vermişdilər. Nəticəsi oldu. Polislər bizim izimizə düşüb əməliyat axtarış tədbirləri nəticəsində saxladılar (elə bil dünyanın ən təhlükəli terrorçunu həbs edirlər). Bu ölkədə hər şey tərsinədi. Qandal mənim əlimə vurulmamalı idi…
Polis idarələrində mənlə necə davranıblar, onu artıq deməyə ehtiyac yoxdu.
Öyrəşmişəm. Təəcüblənmədim. Qeyri-adi, yenilikci davranış görmədim ki, sizinlə bölüşüm.
Mənə aid olan çəkiliş avadanlıqlarını müsadirə ediblər. Təəsüflənmirəm! Çünki reportajların əsas hissəsi kameralar, dronlar deyil. Yuxardakılar başa düşməlidir ki, bir məmurun korrupsiya əməllərini araşdırıb ortaya çıxartmaq üçün kamera, drona ehtiyac yoxdu. Bu araşdırmaları etmək üçün ən vacibi cəsarət, istək olmalıdır. O da həmişə mənlə.
Odur ki, məmur ovu davam edəcək. Doğma Azərvaycanımızı oğrulardan təmizləməliyik! Biz imkan verməməliyik ki, bu ölkənin var dövlətini, sərvətini bir qrup harınlanmış talasın. Bu ölkənin var dövləti, sərvəti, qızılı, nefti Azərbaycan Xalqına məxsusdur!
***
Bu gün, martın 14-də bloger Mehman Hüseynov və ictimai fəal Ülvi Həsənli Abşeron rayonu ərazisində polis tərəfindən saxlanılıb.
Bu barədə Mehman Hüseynov öz facebook hesabında yazıb.
“Çəkilişdən gəlirdik. Post Patrul Xidməti və Yol Patrul Xidməti yolumuzu bağlayıb bizi saxladı. Bizi Abşeron rayon Polis Şöbəsinə aparırlar,” o qeyd edib.
“Novxanıda çəkilişdən qayıdan zaman iki polis maşını bizi saxlayıb. Sənədləri alıb gözlədirlər. Biz də gözləyirik” – bunu isə Ülvi Həsənli yazıb.
Öz növbəsində, polis Hüseynovun və Həsənlinin saxlanıldığını təsdiq edib. Bu haqda Turan məlumat yayıb. “Hazırda araşdırma gedir,” polisdən bildiriblər.
Müsavat Partiyasının mətbuat xidməti Mehman Hüseynov və Ülvi Həsənlinin heç bir əsas göstərilmədən saxlanmasını pisləyib, bunu Azərbaycanda söz və mətbuat azadlığına qarşı növbəti addım kimi qiymətləndirib, hər iki ictimai fəalın dərhal sərbəst buraxılmasını tələb edib.
Mehman Hüseynov bir qayda olaraq öz bloqunda məmurların bahalı villaları ilə bağlı reportajlar yayımlayır. Bu repotajlar bir neəı yüz min insan tərəfindən izlənilərək kəskin tənqidlərlə qarşılanır.
Mehman Hüseynov 2017-ci ildə böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.
Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb. Hüseynovun etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi və onun aksiyasının ölkə daxilində və xaricdə dəstəklənməsi nəticəsində ittiham götürülüb.
Blogerin həbsi bir sıra yüksək vəzifəli məmurların dəbdəbəli villaları ilə bağlı reportajlarından sonraya təsadüf edib.
Hüseynov ittihamı qəbul etməyib və həbsini bloger fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.
Basta