Məhkəmə Hafiz Babalını 3 ay müddətinə həbs etdi
Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də araşdırmaçı jurnalist Hafiz Babalını istintaq dövrü üçün – 3 ay müddətinə həbs edib.
Vəkili Rəsul Cəfərovun jurnalistlərə verdiyi məlumata görə, iclasda Babalı qaçaqmalçılıq ittihamlarını təkzib edib, cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib. Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti verəcək.
Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media-nın jurnalistlərinə qarşı iş üzrə istintaqa cəlb edilib.
***
Dekabrın 14-də Bakı Şəhər Baş Polis İdarəsində araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə Turan-a vəkil Rəsul Cəfərov bildirib.
Onun sözlərinə görə, Babalı ittihamı qəbul etmir və onu jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Cümə axşamı günün ikinci yarısında Xətai Rayon Məhkəməsində Babalı barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılacaq. 206.3.2-ci maddə ilə onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
***
Jurnalist Hafiz Babalı saxlanılıb. Yaxınlarının verdiyi məlumata görə, onun evində axtarış aparılıb. Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən idarəyə gətirilib.
Hafiz Babalı ötən həftə “AbzasMedia işi” ilə əlaqədar BŞBPİ-də dindirilib.
“AbzasMedia” rəhbərliyinin orada dərc edilən araşdırmalara görə həbs olunduğu bildirilərkən, Hafiz Babalı həmin mediada dərc olunan bir sıra araşdırmaların müəllifi olduğunu qeyd etmişdi.
Polisə çağırılandan sonra Hafiz Babalı nəinki geri çəkilməmişdi, əksinə, büdcədən ayrılan müvafiq vəsaitə rəğmən BŞBPİ-də pəncərələrin çirkli olması barədə qısa araşdırmasını özünün feysbuk səhifəsində dərc edib.
Ehtimal olunur ki, Hafiz Babalının məhz aşağıda təqdim etdiyimiz həmin yazısı hakimiyyətin səbr kasasında son damla olub:
Bu”Bakı şəhər Baş Polis İdarəsində #dindirmə-də olarkən diqqətimi çirkli pəncərələr çəkdi. Müstəntiqdən bu şüşələrin sonuncu dəfə nə vaxt yuyulduğunu soruşdum. Xatırlamadı. Ya da xatırlamaq istəmədi.
Bu gün axı Beynəlxalq antikorrupsiya günü idi. Dedim bir dövlət satınalmaları portalına baxım. Məlum oldu ki, BŞBPİ avqustun 18-də “Emin və Eynulla” MMC ilə Baş İdarənin, tabeçiliyində olan rayon polis idarə, şöbə və bölmələrinin inzibati binalarında dövrü olaraq bir neçə dəfə olmaqla 110.000 m2 fasad (aqlay, alçepan) və şüşələrin xüsusi kimyəvi maddələrlə yuyulması və təmizlənməsi üçün 97.350 manat məbləğində müqavilə bağlayıb. Keçən ilin mayında və dekabrında eyni işlərə görə həmin şirkətə 49.007 və 44.206,34 manat ödənilibmiş.
Bu hesabla pəncərələr par-par parıldamalıydı.
#InternationalAntiCorruptionDay
AbzasMedia”
Basta