Ələsgər Məmmədlinin qaynı işdən çıxarıldı

Həkim Aydın Əliyev çalışdığı “İstanbul” klinikasından çıxarılıb. Bu barədə həkim Turana məlumat verib.

Onun bildirməsinə görə, martın 12-də klinikanın rəhbərliyi işdən azad edildiyini ona dedi: “Dedilər ki, sabahdan işə gəlmə”.

Həkim bunun səbəbini yaxın günlərdə baş verənlərlə əlaqələndirir: “Mənim bacımın həyat yoldaşı Ələsgər Məmmədli həbs olundu və mən onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür ki, bu kiminsə xoşuna gəlməyib”.

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib: “Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir”.

A.Əliyev martın 7-də Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin “İstanbul” klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkədəki hesabından paylaşıb. Daha sonra o, Ə.Məmmədlinin həbsi ilə bağlı mediaya müsahibələr verib.

Aydın Əliyevin dediklərinə “İstanbul” klinikasının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.