Müsavat başqanı Nərimanovdan yazdı

Nəriman Nərimanovun döğum günüdür.

Vaxtilə sovet Azərbaycanında bu gün təntənə ilə qeyd edilirdi.
Çünki Nərimanov Azərbaycanı işğal edən Xl Qızıl Ordu əsgərlərinin çiynində hakimiyyətə gələrək sovet hökümətinə xidmət etmişdi.

XI ordunun Azərbaycana daxil olmasını, milli hakimiyyətin devrilməsini böyük sevinclə vəsf etmişdi.

Ermənistanda sovet hakimiyyətinin qurulması şərəfinə Bakı Sovetinin toplantısında rəsmi çıxış edərək Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrini Ermənistanın ayrılmaz hissəsi adlandırmış, Yuxarı Qarabağda isə öz müqəddəratını təyin etmək məqsədi ilə yerli erməni əhalisinin referendum keçirməsini təklif etmişdi.

Возможно, это изображение 11 человек

Nərimanovun müəyyən təsir imkanlarının olduğu 1920-23 сü illərdə 48 min Azərbaycan “əksinqilabçı”sı “pantürkizm”, “panislamizm” damğası ilə güllələnmişdi ki, onların əksəriyyəti müsavatçılar, Azərbaycanın istiqlalı naminə çalışmış, istiqlalımıza dəstək vermiş, rus işğalına qarşı çıxmış şəxslər, ziyalılar, cəmiyyətin elitar təbəqəsi idi.

Nərimanovun iradəsi və ya susqun razılığı ilə Azərbaycanın bütün düşünən başları kəsilmiş, bununla da o hər kəsdən bir baş yuxarı olmağa çalışmışdı.
Rəsulzadənin həbsini təşkil etmiş bir bolşeviki yüksək mənsəbə gətirməsini gizlətmir, bununla fəxr edirdi.

İndi bəzi psevdoalimlər, psevdoziyalılar N.Nərimanovun Azərbaycan istiqlalına və istiqlalçılarına qarşı amansız mübarizəsini pərdələməyə, müxtəlif uydurma arqumentlərlə hətta haqq qazandırmağa çalışır.

Bizim üçün isə ən vacib olan tarixi həqiqətlərə Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin verdiyi qiymətdir:

“Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi. Çünki xəstə idi. Mövqe, sandalya xəstəsi idi”.

Əslində Nərimanov sovet Azərbaycanı tarixində belə müstəqil siyasi fiqur deyildi.

Stalinin dediyi kimi o bolşevik Rusiyasına Azərbaycana qarşı istifadə etmək üçün lazım idi:

“Moskvada olduğum zaman Qaraxanı lap orta partiya hazırlıqlı hər hansı müsəlmanla əvəz etmək haqqında MK-da məsələ qaldırmağı yoldaş Leninə təklif etdim. Nərimanov mənim üçün çoxlu belə müsəlmandan biridir, özü də, onun geniş siyasi perspektivinin yoxluğunun dərdini çəkməyə dəyməz: axı siyasəti o yox, əlbəttə, MK və Xarici İşlər Komissarlığı aparacaq – Nərimanov bayraq kimi lazımdır”

Sonarakı illərdə Rəsulzadənin redaktoru olduğu “Yeni Kafkasya” qəzeti yazırdı:
“Rus süngüləri ucunda hökumət kürsüsündə oturan Nəriman bu iqbalına bir az da öz keçmişi ilə haqq qazanmışdı. Azərbaycan kommunistləri deyilən şəxslər arasında Azərbaycan xalqı tərəfindən bir az olsun tanınmaq şərəfinə nail olan yeganə biri var idisə, o da Nəriman idi… Sırf hiylə və oyun ilə gələn qırmızı qüvvət ilk günlərdə xalqın gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu ixtiyar Nərimanov ifa edirdi… Moskva tərəfindən ona veto haqqı da verilməmişdi”.

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.