Tofiq Yaqublu on dördüncü gündür aclığı davam etdirir

Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on dördüncü gündür aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

.

Torontoda Tofiq Yaqubluya dəstək aksiyası keçirilib
Torontoda Tofiq Yaqubluya dəstək aksiyası keçirilib

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.

Sentyabrın 14-də vəkil Elçin Sadıqov bildirib ki, Tofiq Yaqublu halsızdır, yataqdadır.

“Qida qəbul etmir, gözləri çox dərinə düşüb. Təzyiqi düşübmüş, sonra tənzimləyiblər,” o qeyd edib.

Sentyabrın 14-də həmçinin müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, Yaqubluya qida preparatları tətbiq olunmur.

“Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur. İctimaiyyətə sözüm budur ki, narahat olmasınlar, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir,” Qeybulla qeyd edib.

Hər gün xəstəxananın önünə onlarla fəal toplaşaraq Yaqubluya azadlıq tələb edir. Xarici ölkələrdə də Tofiq Yaqubluya dəstək aksiyaları keçirilir.

Bir gün öncə Kanadanın Toronto şəhəhərində azərbaycanlı mühacirlər “Tofiq Yaqublunu azad et!” şüarı ilə aksiya keçirib.