Müsavat Divanının gündəliyi
İyunun 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 1949-cu ildə əsasını qoyduğu, hazırda hörmətli Cəmil Ünalın rəhbərlik etdiyi Azərbaycan Kültür Dərnəyinin 75-ci ildönümü qeyd edilib. Azərbaycanın mövqeyinin qardaş Türkiyədə və bütün dünyada eşidilməsində bu təşkilatın böyük xidmətləri vurğulanıb, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Görülən işlər bölümündə Arif Hacılının Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirakı və Azərbaycanın mövqeyini yüksək səviyyədə təmsil etməsi barədə məlumat verilib.
28 May – Müstəqillik Günü ilə bağlı Müsavat Partiyasının Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdiyi bayram mitinqi müsbət qiymətləndirilib.
Divanın iclasında mitinqdə daha aktiv iştirak edən Səbail, Nərimanov, Biləsuvar, Cəlilabad, Xaçmaz rayon təşkilatlarına, həmçinin Müsavatçı Qadınlar Birliyinə təşəkkür elan edilib.
Gənc iqtisadçı Fərid Mehralızadənin həbsi pislənilib, bütün siyasi məhbusların azad edilməsi bir daha tələb edilib.
Ölkədə və regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.