Nəsiman Yaqublu həyatını itirdi
Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbi ilə 25.08.2024-cü il tarixində saat 18:30-da Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.
***
“Müsavat Partiyasından 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd
professor Nəsiman Yaqublunun Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına uğradığı barədə məlumat aldıq…”
Bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“İlkin məlumata görə, Nəsiman bəy Füzuli xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbləri, hadisənin mahiyyəti, Nəsiman bəyin sağlıq durumu barədə məlumatları dəqiqləşdirməyə çalışırıq. Rəsulzadə və Cümhuriyyət irsinin tədqiqatçısı, istiqlal məfkurəsinin daşıyıcısı olan görkəmli ziyaləmıza tezliklə şəfalar diləyirik. Allah qorusun!” – deyə, Arif Hacılı bildirib.