Kamala Harris tiranlara və diktatorlara barmaq silkələdi
ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Donald Trampın avtokratların yedəyində getdiyini açıqlayıb. O, Demokrat partiyasının qurultayındakı çıxışında daxili və xarici siyasət sahəsindəki platformasını açıqlayıb.
Harris Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
O, prezident olacağı təqdirdə “Ukrayna və NATO-dakı müttəfiqlərimizin yanında möhkəm dayanacağını” deyib.
Harris həmçinin Rusiyanın genişmiqyaslı hücumundan 5 gün əvvəl Zelenski ilə görüşdüyünü və onu gözlənilən hücumla bağlı xəbərdar etdiyini, daha sonra isə Ukraynanı qorumaq üçün “qlobal reaksiyanın səfərbər edilməsinə” kömək etdiyini xatırladıb.
“Mən öz fəaliyyətimi tiranların və diktatorların istəklərinə uyğunlaşdırmayacam. Hansılar ki, indi Trampın qalib gələcəyinə ümid bəsləyirlər. Tramp heç vaxt avtokratlardan cavab tələb etməyəcək, çünki özü avtokrat olmaq istəyir. Mən Amerikanın müdafiəsi üçün qətiyyətli addımlar atmaqdan heç vaxt çəkinməyəcəm. Çünki tiraniya ilə demokratiya arasında gedən mübarizədə mən kimin tərəfində olduğumu yaxşı bilirəm. Mən Amerikanın kimin tərəfində olduğunu yaxşı bilirəm” – prezidentliyə namizəd vurğulayıb.
Kamala Harrisin alqışlarla qarşılanan çıxışına aşağıdakı videoda 62-ci dəqiqədən sonra baxa bilərsiz.