Müsavat fəalı Natiq Ulubəyin dəhşətli qətli ilə bağlı məhkəmə başladı
Sentyabrın 19-da Müsavat Partiyasının fəalı, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsəvər İslamovun cinayət işi üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutub.
Məhkəmə vəkil Nemət Kərimlinin hüquqi varisin nümayəndəsi qismində işə buraxılması barədə qərar qəbul edib. Qeyd edək ki, zərərçəkən Natiq Mehdinin bacısı Yeganə Mehdi ibtidai istintaq vaxtında hüquqi varis qismində tanınıb – Lent.az xəbər verir.
Mərhumun qohumları ilə yanaşı, prosesdə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı iştirak ediblər.
Məhkəmədə dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.
Məlum olub ki, direktor müavini gecə saat 22 radələrində içkili vəziyyətdə məktəbə gəlib. Elsevər İslamov Natiqi iş yerində yatdığı üçün döyməyə başlayıb və onu xüsusi amansızlıqla öldürüb.
Onun alt paltarlarını çıxardaraq bədəninin hissələrə bölüb, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atıb. Hissələrə böldüyü bədən üzvlərini selofanlara doldurararq aparıb Xəzər rayonunda basdırıb.
Hakimin “cinayət hadisəsində özünüzü təqsirli bilirsiz?” sualına, təqsirləndirilən şəxs Elsevər İslamov “qismən təqsirli bilirəm”- deyə cavab verib. Hakim Elsəvər İslamov barədə irəli sürülən ittihamların sübuta yerildiyi təqdirdə 11 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzasının veriləcəyini bildirib.
Məhkəmə prosesi oktyabrın 3-ü saat 17:15-dək təxirə salınıb.
Xatırladaq ki, bu il may ayının 9-da 1964-cü il təvəllüdlü Müsavat fəalı Natiq Ulubəyin itkin düşməsi, mayın 14-də isə onun qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 saylı orta məktəbin direktor müavinidir.