Tverdə silah anbarı göyə sovruldu – əhali təxliyyə olunur

Sentyabrın 18-nə keçən gecə Rusiyanın Tver vilayətinin Toropets şəhərindəki silah arsenalına pilotsuz təyyarənin hücumu nəticəsində yanğın və partlayış baş verib. Regionun qubernatoru İqor Rudenya əhalinin qismən təxliyəsi barədə göstəriş verib.

Yerli sakinlər silah-sursat anbarında baş verən yanğın və raketlərin detonasiyasını əks etdirən videolar paylaşırlar.

Daha əvvəl yerli hakimiyyət orqanları “vurulmuş PUA-nın qəlpələrinin düşməsi nəticəsində arsenalda yanğın baş verdiyini” bildirmişdilər.

Ötən gecə Rusiyanın Bryansk, Smolensk, Tula və Oryol vilayətlərində də partlayışlar qeydə alınıb.

 

Qeyd: Rusiyanın Tver vilayətinin Toropets şəhərində bu gecə partladılan arsenal 2018-ci ildə tikilib.  Burada raketlərin, döyüş sursatlarının və partlayıcı materialların kompleks saxlanması üçün nəzərdə tutulub.

Rusiya Federasiyasının müdafiə nazirinin o zamankı müavini, ordu generalı Dmitri Bulqakov demişdi ki, arsenal ən yüksək dünya standartlarına cavab verir.

Onun sözlərinə görə, hər bir arsenal anbarı 240 tona qədər sursat saxlaya bilər.

Mənbə: “Ukrainska pravda”