Bakıda Baydenin məktublarına münasibət dəyişib
Hakimiyyətin propaqanda maşını Co Baydenin İlham Əliyevə son məktubunu Azərbaycan rəhbərliyinə təzyiqlərin davamı kimi qələmə verir.
Ortaya sual çıxır, bəs Baydenin iki gün öncə Paşinyana ünvanladığı eyni məzmunlu məktub nədir, o da təzyiqdir?
Deyirlər ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına tələsir, çünki əgər 5 noyabradək saziş imzalansa, bu, Kamala Harisin aktivinə yazılacaq və onun seçilməsinə təkan verəcək. Hərçənd, Baydenin məktubunda sülh sazişinin COP-29 tədbirində, ya da ilin sonunadək imzalanmasına çağırış edilir, o vaxtacan isə ABŞ-da prezident seçkiləri artıq başa çatmış olacaq.
Ümumiyyətlə Bayden, köhnə siyasətçilər nəslinin nümayəndəsi olaraq, məktub yazmağı xoşlayır. Hamıya və tez-tez yazır. O, İlham Əliyevə 2021, 2022-ci illərdə də məktublar yazıb. O vaxt ABŞ-da seçki gündəmdə deyildi, Harrisin namizədliyi isə ümumiyyətlə yox idi. Bayden Əliyevə bundan əvvəlki son məktubunu 2024-cü ilin iyun ayında yazıb. Bütün bu məktublarda ABŞ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı ilə yanaşı, bölgədə sülhün təmin edilməsi çağırışı da öz əksini tapıb.
İki gün əvvəlki məktuba gəlincə, məncə bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə İstanbulda görüşündən sonra açıqlanan məlumata Ağ Evin reaksiyasıdır. Bilirsiz ki, Bakı və Yerevan sülh sazişinin hazırlanması istiqamətində səyləri sürətləndirmək qərarına gəliblər. Bu o deməkdir ki, prinsipcə sülh sazişi COP 29 tədbiri günlərində də imzalana bilər. Ağ Ev sazişin imzalanmasına dəstəyini açıqlamaqla, həm də özünün bu prosesdə rolunu diqqətə çatdırmaq istəyir. Vəssalam.
Azərbaycan hakimiyyətinin təbliğatçıları 2022-ci ilədək Baydenin İlham Əliyevə məktublarını rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin yüksək səviyyədə olmasının sübutu kimi təqdim edir, bununla öyünürdülər. Lakin indi – Putin Ukraynaya qarşı müharibəyə başladıqdan və mütərəqqi dünya ilə kəllə-kəlləyə gəldikdən sonra Bakıda Baydenin məktublarına münasibət dəyişib. Çünki indi ABŞ ilə isti münasibətlərin nümayiş etdirilməsinin Azərbaycan hakimiyyəti üçün mənfi nəticələri ola bilər.
Mustafa Hacıbəyli