“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb
Oktyabrın 21-də axşamdan başlayan leysan yağışları nəticəsində Bakının bir sıra rayonlarında ciddi fəsadlar yaranıb. Sel suları nəqliyyatın intensiv hərəkətində fasilələrin yaranmasına səbəb olub.
Rəsmi məlumatlara görə, tuneldə qalan iki nəfər boğularaq ölüb. Yasamal rayonunda köhnə ikimərtəbəli fərdi evin çökməsi nəticəsində insanlar təxliyyə edilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri ümumilikdə 31 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakı şəhərində və ətraf ərazilərdə çoxsaylı evlərə, həyətlərə su dolub. Yol keçidlərinə, tunellərə su dolduğundan nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Elə yerlər olub ki, suyun səviyyəsi bir metrdən çox olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.