Gürcüstan prezidenti Zurabişvili: “Keçid dövründə sabitliyi təmin etmək üçün vəzifəmdə qalacağam”
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədəki dərin siyasi böhran şəraitində sabitliyə olan təcili ehtiyacı əsas gətirərək, keçid dövründə vəzifəsində qalacağını bəyan edib. BBC-yə verdiyi müsahibədə Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını tənqid edərək, ölkəni Avropa yoluna qaytarmaq üçün vaxtından əvvəl seçkilər keçirilməsini tələb edib.
“Mən vəzifəmdə qalıram, çünki bu ölkəyə sabitlik lazımdır. Hər şey dağılır. ‘Gürcü Arzusu’nun hakimiyyəti altında prezidentlikdən başqa müstəqil bir qurum qalmayıb. Bütün digər qurumlar təkpartiyalı idarəetmə ilə əhatələnib, bu isə getdikcə daha avtoritar olur,” deyə Zurabişvili bildirib.
Zurabişvili ictimai etirazların əhəmiyyətli dərəcədə artdığını və nümayişlərin artıq paytaxt Tbilisinin hüdudlarını aşdığını qeyd edib. O, dövlət idarələrindən və müxtəlif qurumlardan işçilərin hərəkatla həmrəylik nümayiş etdirərək istefa verdikləri misilsiz bir meylə diqqət çəkib.
“Gürcüstan üçün yeni və qeyri-adi olan, ölkənin hər bir şəhərində spontan etirazların baş verməsidir. Əvvəllər hər hansı bir etirazın mərkəzi adətən Tbilisi olurdu. Siyasi partiyalar parlamenti boykot edirlər və bu bizi dərin böhrana salır. Xalqın küçələrdə tələb etdiyi isə aydındır: yeni seçkilər, bu ölkəni Avropa yoluna qaytarmaq üçün,” deyə o əlavə edib.
Zurabişvili sabitlik və siyasi partiyalarla vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə xarakterizə olunan keçid dövrünü təklif edib. O, həmçinin yeni seçkiləri dəstəkləyən Avropa Parlamentinin qətnaməsinin və yaxın zamanda gözlənilən Avropa Şurasının qərarının və texniki missiyanın şəffaf seçki proseslərinin təmin edilməsində mühüm rol oynayacağını vurğulayıb.
“Bu keçid dövrü mümkün qədər qısa və sabit olmalıdır. Mən prezident olaraq qalacağam, siyasi partiyalar və vətəndaş cəmiyyətini özündə birləşdirən Milli Şura böhranın siyasi aspektlərinin həllinə yardım edəcək. Mənim rolum küçə etirazlarına rəhbərlik etmək deyil, sabitliyi və seçkilərə hazırlığı təmin etməkdir,” deyə Zurabişvili bildirib.
“Əgər ‘Gürcü Arzusu’ vaxtından əvvəl seçkilərlə bağlı çağırışları görməzdən gəlsə, nə baş verəcək?” sualına cavab olaraq Zurabişvili etirazçıların qətiyyətinə inamını ifadə edib. “Bəs biz onları görməzdən gəlsək nə olacaq? Xalq küçələrdə məhz bunu edir. Onlara qarşı zorakılıq tətbiq olunmasına baxmayaraq, onların qətiyyəti dəyişmir,” deyə o vurğulayıb.
O, öz təhlükəsizliyi və həbs olunma ehtimalı ilə bağlı narahatlıqlara cavab olaraq, “Düşünmürəm ki, belə bir şey baş verə bilər. Xalq küçələrdə məni qoruyur. Hakim partiya getdikcə daha çox təcrid olunmuş vəziyyətə düşür və hamımızın marağında olan sabit keçid dövrü və yeni seçkilərdir,” deyib.
Zurabişvili azad və ədalətli seçkilərin “Gürcü Arzusu” partiyasına xalqın iradəsinə uyğun olaraq parlamentdə təmsil olunmaq imkanı verəcəyini və yeni bir siyasi mənzərənin yaranacağını bildirib.
Zurabişvili böhranın həllində Avropanın iştirakının əhəmiyyətini xüsusi vurğulayıb. “Avropa Parlamentinin qətnaməsi və texniki missiya azad və ədalətli seçkilər üçün şərait yaradacaq. Bu, ölkəmizin Avropa yoluna qayıtması üçün həlledici addımdır,” deyə o sözlərini tamamlayıb.
Gürcüstanda siyasi böhran dərinləşməkdə davam edir, xalqın narazılığı artır və Avropa İttifaqı, dekabrda baş tutacaq həlledici görüş ərəfəsində vəziyyəti diqqətlə izləyir.