1500 məktəbin bağlanması xəbəri haradan qaynaqlanır?
Hidayət Allahverdi, Müsavat Partiyası Təhsil Komissiyasının sədri
Parlamentin son iclasında bəzi deputatlar sosial yönümlü çıxışlar etdilər və onlardan biri ölkədə 4000 məktəbdən 1500-nün bağlanacağı barədə də məlumat verdi. Dedi ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.
Bunun ardınca Elm və Təhsil naziri E.Əmirullayev sosial şəbəkə hesabında bu çıxışa və cəmiyyətdə yaranan rezonansa cavab verdi: “”Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün ANLAŞILMAMASIDIR” (fərqləndirmə bizimdir—müəllif). Ardınca ANLAŞILMAYAN fikirləri sadalayır. Bu sadalamadan belə qənaətə gəlmək olar:
1.Ölkədə 4400 məktəbdən 1500-də 100-dən az şagird təhsil alır.
2.Bu məktəblərə çəkilən xərc böyükdür ki, bəzi hallarda özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur və tədrisin keyfiyyəti aşağıdır.
3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.
Bu üç fikri ümumiləşdirən nazir ANLADIR ki, həmin fikirlərdən çıxış edərək “Ölkədə 1500 məktəb bağlanacaq” qənaətinə gəlmək düzgün deyil. Daha sonra sadalanan fikirlərdə işlədilən “RASİONALLAŞMA” sözünün açıqlamasını verərək görüləcək işlərdən qısaca danışır. Anlada bildi, ya bilmədi, bu qalsın hər iki şəxsin insafına.
Hesabla gərək anlaşa biliblərsə, deməli, söhbətə son qoyulmalıdır. Amma onların anlaşa bilməsi hələ təhsildə uzunömürlü problemlərin bitməsi anlamına gəlməməlidir. Elə buna görə də mətbuat və sosial şəbəkələrdə müzakirələr davam etməkdədir. Səbəb?..
…Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk əsaslı dəyişikliklərdən biri TQDK tərəfindən test üsulu ilə imtahan götürülməsi oldu və bu hadisə təhsilin qarayarası olan qəbul imtahanlarında rüşvət amilini aradan qaldırdı. Müstəqil Azərbaycanın ilk “Təhsil haqqında” Qanunu 1992-ci ilin 7 oktyabrında qəbul edildi. Bu qanun Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil sahəsində hüquqi əsasları olan ilk sənəd idi. Qanun, təhsilin demokratik prinsiplər əsasında qurulması, milli maraqlara və standartlara uyğunlaşdırılmasına uyğun olaraq hazırlanmışdı.
1992-ci il qanunu təhsil sisteminin bütün pillələri (ümumi, ali, peşə, əlavə təhsil və s.) əhatə edir və Azərbaycanın təhsil siyasətinin formalaşdırılmasında mühüm rol oynayırdı. Amma cəmiyyət dəyişdikcə, dünyaya inteqrasiya prosesi gücləndikcə təhsil sistemində islahatlar zərurətə çevrilirdi. 1992-ci il Qanunu üzərində aparılan dəyişikliklər (1995-ci və 1999-cu il dəyişiklikləri) daha sonra yeni Qanunun qəbuluna gətirib çıxarsa da (2009_cu il) sistemdə köklü dəyişiklik nəzərə çarpmadı. Daim yenilənmə tələb edən təhsil sistemi2006-cı ildə ümumi təhsil pilləsində “Milli Kurikulum”un tətbiqinə başlasa da, bu sahədə görülən işlər kosmetik xarakter daşıyırdı. Əslində bu sahədə külli miqdarda vəsait xərclənirdi, lakin görülən işlərin effekti çox da hiss edilmirdi. Çünki kadr hazırlığı sahəsində görülən işlər gözlənilən dəyişikliklərə uyğun deyildi.
Həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Təhsil haqqında Qanunda qeyd edilən vətəndaşın təhsilə əlçatanlığı (özü də keyfiyyətli təhsilə), təhsil sisteminin ayrı-ayrı pillə və səviyyələri arasında güclü rabitənin olması, təhsil sisteminin əmək bazarına uyğun qurulması, təhsil verənlərin əməyinin qiymətləndirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi və s. bu kimi istiqamətlərdə görülməli olan işlərin ləngiməsi təhsil sisteminin yüklənməsinə gətirib çıxardı.
2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinin ləngiməsi də vaxtilə ləngiyən islahat prosesi və eyni zamanda pedaqoji kadr hazırlığının keyfiyyətinin tələblərə uyğun olmaması ilə də sıx bağlıdır. Təhsilverənlərin hazırlanması ilə məşğul olan orta ixtisas təhsili müəssisələrinin hələ də mövcudluğu, ali məktəblərin hazırladığı kadrların sayı ilə ehtiyacın uzlaşmaması, təhsili başa vurduqdan sonra iş yeri tapmaq istiqamətində yaranan çətinliklər günün problemlərindəndir.
Sadalananların hər biri ayrıca müzakirə mövzusu ola bilərdi. Amma problemlərin bolluğunda rasionallaşma və optimallaşma prosesini məktəblərin kütləvi bağlanması kimi dəyərləndirib gündəmdə qalmaq da olar. Amma çıxış yolu göstərmək hər bir vətəndaşın hüququ olsa da, hamının vəzifəsi deyil. Çıxış yolu isə vətəndaşın təhsilə əlçatanlığının təmin edilməsinə qulluq etməli, hüquqi bazaya istinad etməlidir.
Rəsmilərin dediklərinə inansaq, bağlanmaq zərurəti qaçılmaz olan məktəblərin şagirdlərin yaxın məktəblərə daşınması təmin ediləcək. Daşınmanın davamlılığı gözləniləcəkmi və bu işə kim nəzarət edəcək? Təhsil sektorları və ya məktəb rəhbərliyinin daşınmaya nəzarət mexanizmi olacaqmı? Elə buradaca xatırladaq ki, təhsil müəssisələrinə bir sıra səlahiyyətlər vermək idarəetmədə təmərküzləşmə yükünün azaldılmasına da yardımçı olardı.
Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, distant təhsil sisteminin, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin imkanlarından yararlanmaqla zərərləri minimuma endirmək olar. 2023-2024-cü tədris ilindən əhatə dairəsi genişləndiriləcək peşə təmayüllü siniflərin, Regional Model Peşə Təhsil Mərkəzi və Regional Peşə Kompetensiya Mərkəzi tipli mərkəzlərinin sayını artırmaqla da təhsilə əlçatanlıq imkanlarını reallaşdırmaq olar.