Müsavat Divanının gündəliyi

Yanvarın 6-da Müsavat Partiyası Divanının 2025-ci ildə ilk iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.Qeyd olunub ki, Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar mərhum prezident Əbülfəz Elçibəyin, eləcə də dekabrın 25-də təyyarə faciəsində qəhrəmancasına həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın məzarlarını ziyarət ediblər.

Təyyarə qəzası ilə bağlı Rusiyanın və Putin rejiminin məsuliyyət daşıdığı barədə Müsavat Partiyasının qəbul etdiyi prinsipial bəyanatın beynəlxalq mediada rezonans doğurduğu vurğulanıb.

Toplantıda Ermənistanın 1-ci prezidenti L. Ter-Petrosyanın 1993-cü il iyulda erməni hərbçilərinin yığıncağında etdiyi çıxışın dəhşətli təfərrüatları müzakirə edilib. Həmin çıxışda deyilənlərin 1988-1993-cü illərdə Azərbaycan xalqına qarşı həyata keçirilən cinayətlərin, o cümlədən etnik təmizləmə əməliyyatlarının bilavasitə Ermənistan hakimiyyəti və Ermənistan Ümummilli Hərəkatı tərəfindən həyata keçirilməsinin ən yüksək səviyyədə etirafı olduğu qeyd edilib.

Müsavat Partiyası hesab edir ki, Azərbaycan hakimiyyəti və ictimaiyyəti bu gerçəklərin ölkə və beynəlxalq miqyasda bilinməsi, tarixi və hüquqi müstəvidə dəyərləndirilməsi üçün mümkün hər şeyi etməlidir.

Məclisin sədri Arif Hacılı ABŞ səfəri və keçirdiyi görüşlər barədə məlumat verib.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınan müsavatçılar barədə məlumat dinlənilib.

Divan rayon təşkilatlarının fəaliyyətinin müqayisəli şəkildə təhlil edilməsinin meyarları müəyyənləşib.

İclasda ölkədəki ictimai siyasi vəziyyət, siyasi məhbusların durumu müzakirə edilib, onların hüquqlarının müdafiəsi ilə bağlı təkliflər irəli sürülüb. Siyasi motivlərlə həbs olunan şəxslərin azad olunması bir daha tələb edilib.

Sonda cari məsələlər müzakirə olunub.