Azərbaycanda referendum müzakirələri: Konstitusiyada nələr DƏYİŞƏ BİLƏR…
Bi ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanda yenidən referendumla bağlı müzakirələri qızışdırıb. Bu haqda Modern.az məqalə dərc edib.
Bəzi ekspertlər hakimiyyətin konstitusiya dəyişikliyinə hazırlaşdığını iddia edir.
Qeyd edək ki, konstitusiyaya dəyişikliklər Vətən müharibəsində qazanılan qələbədən sonra zaman-zaman gündəmə gəlib. Hətta parlamentdə də bu barədə fikirlər səsləndirilib.
Bildirilir ki, qələbədən sonra regionda yaranan yeni vəziyyət, azad edilən ərazilərdə yeni idarəçilik sisteminin (xüsusi nümayəndələr) yaradılması, həmçinin parlamentdə deputatların sayının əhali sayının artmasına adekvat olmaması və digər səbəblər konstitusiya dəyişikliklərini şərtləndirir.
Əvvəllər konstitusiyada dəyişdirilməsi müzakirə edilən məsələləri təqdim edirik:
Deputatların sayının artırılması
1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Bəzi ekspertlər və siyasətçilər bildirir ki, 1995-ci ildən bu yana ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə, zaman-zaman bəzi siyasətçilər parlamentin deputatlarının sayının artırılmasını təklif ediblər.
Deputatların sayının 150, 175 və ya 200-ə çatdırılması təklif edilir. 1995-ci illə müqayisə apardıqda deyə bilərik ki, Milli Məclis üzvlərinin sayı ən azı 150-yə çatdırılmalıdır. Bununla ən azı 1995-ci ildəki təmsilçilik nisbətini əldə etmək mümkündür.
Qarışıq seçki sisteminə keçid
Azərbaycan Konstitusiyasında dəyişməsi gözlənilən məsələlərdən biri də qarışıq seçki sisteminə keçiddir. Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib.
Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir. Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır.
Türkiyə daxil olmaqla bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.
İcra hakimiyyətlərinin ləğvi
Azad edilən ərazilərdə prezidentin xüsusi nümayəndəlik institutunun yaradılmasından sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Yeni yaradılan qurumun tətbiqi uğurlu nəticə verərsə, ölkənin digər ərazilərində də prezidentin xüsusi nümayəndəliyi yaradıla bilər.
Nazirlər Kabinetinin ləğvi
Bəzi ekspertlər iddia edir ki, Konstitusiyada Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentindir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Bir neçə il əvvəl parlamentin deputatı Erkin Qədirli bildirib ki, Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi).
İkipalatalı parlament
Bəzi ölkələrin qanunverici orqanları yuxarı və aşağı olmaqla iki palatadan ibarət olur. Parlamentin palataları tərkibinə, formalaşma qaydasına, səlahiyyətlərinə görə fərqlənir. Adətən qanunlar əvvəlcə aşağı palata tərəfindən qəbul edilir, sonra təsdiq üçün yuxarı palataya təqdim olunur. Yuxarı palata üzvlərinin adətən qanun layihəsinə dəyişiklik etmək hüququ yoxdur, onların vəzifəsi qanunu qəbul və ya rədd etməkdir.
Praktikada bu qayda aşağı palatanın daha güclü olmasına səbəb olur, çünki hər bir qanun layihəsinin formalaşması məhz aşağı palatada baş verir. Bundan əlavə, hökumət adətən aşağı palataya hesabat verir. ABŞ-da Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Dövlət Duması və Federasiya Şurası, Almaniyada Bundestaq və Bundesrat adlı ikipalatlı parlament mövcuddur.
Azərbaycanda ikipalatalı parlament aktual olmasa da, müxtəlif vaxtlarda gündəmə gətirilib.
Naxçıvanın muxtariyyətinin ləğvi
Zaman-zaman konstitusiyada müzakirə edilən məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin ləğv edilməsi məsələsidir. Sözügedən zərurətin Vətən müharibəsindən sonra daha aktual olduğu iddia edilir.
Qeyd olunan məsələlərdən başqa konstitusiyada bir sıra texniki dəyişikliklər də mümkündür. Ancaq hələlik Azərbaycan hakimiyyəti referendum planlarının olub-olmadığını açıqlamayıb…
Modern.az